Şamaxı rayonunda uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda təlim keçirilib.
Paylaş:
16 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayon “ASAN xidmət” mərkəzində “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndinə əsasən yuxarı sinif şagirdləri üçün uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Şamaxı rayon “ASAN xidmət” mərkəzinin əməkdaşı Hilal Mürsəlov tədbirin məqsədi, gənclərin hüquqi baxımdan maarifləndirilməsinin əhəmiyyəti və bu sahədə vətəndaş məsuliyyəti barədə danışıb.
Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, zorakılığın növləri, uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti, mövcud qanunvericilik aktları və bu sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Şamaxı rayon Polis Şöbəsinin baş inspektoru, polis mayoru Ceyhun Rüstəmov hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə görülən profilaktik tədbirlər, hüquqi məsuliyyət və mövcud cəza mexanizmləri barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Tədbir zamanı Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələri də bu istiqamətdə öz fəaliyyətlərindən danışıblar.
Tədbir interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi