“Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda növbəti görüş keçirilib

10 aprel 2026 17:05

Paylaş:

9 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan İdman Akademiyasında gənclərin və müəllimələrin iştirakı ilə “Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Azərbaycan İdman Akademiyasının tələbələrlə iş üzrə prorektorunun müşaviri Lalə Əhmədova qonaqları salamlayaraq, ailənin həm fərd, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli dövlət ailə siyasətinin prioritet istiqamətləri haqqında məlumat verib, ailə dəyərlərinin qorunmasının və milli-mənəvi irsin nəsildən-nəslə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahədə Dövlət Komitəsi tərəfindən görülən işlərdən bəhs edib.

Klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov isə ailədaxili münasibətlərin düzgün qurulması, sağlam cəmiyyətin formalaşmasında sosial məsuliyyətin rolu, eləcə də süni intellektdən səmərəli istifadə ilə bağlı fikirlərini bölüşüb.

Sonda fikir mübadiləsi aparılıb, ailənin mahiyyəti, onun şəxsiyyətin və cəmiyyətin inkişafına təsiri ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə mövzuya uyğun olaraq Dövlət Komitəsi tərəfindən hazırlanan sosial çarxlar nümayiş etdirilib.