“Sağlam ailə-balanslı karyera-şəxsi inkişaf” mövzusunda görüş keçirilib

6 fevral 2026 15:02

Paylaş:

6 fevral 2026-cı il tarixindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ASAN Könüllülərinin birgə təşkilatçılığı ilə “Gənclər günü” həftəsində İnnoland İnkubasiya və Akselerasiya Mərkəzində könüllü təşkilatların gəncləri üçün “Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Tədbirin məqsədi gənclərin ailə dəyərləri, karyera planlaması və fərdi inkişaf istiqamətlərində məlumatlılığını artırmaq, onların gələcək həyat prioritetlərini daha düzgün müəyyənləşdirmələrinə dəstək verməkdir.

Görüşdə açılış nitqi ilə çıxış edən Ailə məsələləri şöbəsinin əməkdaşı Ləman Mahmudova, sağlam ailə modelinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını qeyd edərək, ailə həyatı ilə peşə fəaliyyətinin harmonik şəkildə uzlaşdırılmasının vacibliyini vurğulayıb. O, gənclərə uğurlu gələcək üçün məsuliyyətli seçimlərin edilməsi, dəyərlərə əsaslanan həyat tərzinin formalaşdırılması və effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini çatdırıb.

Tədbirdə mütəxəssis qismində çıxış edən UNEC-in Öyrənmə analitikası və qiymətləndirmə şöbəsinin müdiri, karyera planlaması üzrə fənn müəllimi Sevinc Burzuyeva karyera hədəflərinin düzgün müəyyənləşdirilməsi, əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması və davamlı özünüinkişafın əhəmiyyəti barədə ətraflı məlumat verib. İnteraktiv müzakirələr şəraitində keçən görüş zamanı o, iştirakçıların suallarını cavablandırıb və praktiki məsləhətlərini bölüşüb.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan görüş çərçivəsində sağlam həyat tərzi, şəxsi potensialın reallaşdırılması və karyera imkanları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət Komitəsi və ASAN Könüllülərinin birgə həyata keçirdiyi bu kimi təşəbbüslər gənclərin bilik və bacarıqlarının artırılmasına, sosial fəallığının gücləndirilməsinə və sağlam ailə dəyərlərinin təşviqinə mühüm töhfə verir.