Rəqəmsal mühitdə uşaqların müdafiəsinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimi keçirilib
Paylaş:
23 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Konfrans Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açılış nitqi ilə işə başlayıb. Bahar Muradova, konfransın uşaqların hüquqları, təhlükəsizliyi və gələcəyi naminə dövlətlərin və beynəlxalq tərəfdaşların birgə məsuliyyətinin ifadəsi olduğunu vurğulayıb və qonaqları multikultural dəyərlərin və dialoq mühitinin hökm sürdüyü Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. O, rəqəmsal mühitin uşaqlar üçün mühüm inkişaf imkanları yaratmaqla yanaşı, real həyatları üçün qlobal miqyasda ciddi təhlükə və risklərlə də müşayiət olunduğunu qeyd edib.
B.Muradova bildirib ki, uşaqların rəqəmsal mühitdə müdafiəsi insan hüquqları, milli təhlükəsizlik və davamlı inkişaf baxımından strateji əhəmiyyət daşıyır və bu sahədə beynəlxalq sənədlərdə nəzərdə tutulan əməkdaşlıq prinsipləri Azərbaycan tərəfindən milli siyasətdə ardıcıl şəkildə həyata keçirilir. 2025-ci ildə ölkədə “Rəqəmsal İnkişaf Konsepsiyası” və “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsi ilə süni intellekt və rəqəmsal texnologiyaların insan mərkəzli, etik və təhlükəsiz tətbiqinin prioritet kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Eyni zamanda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun bu sahədə fundamental hüquqi baza yaratdığı, qanun çərçivəsində yaş təsnifatı sisteminin tətbiq olunduğu, ekspert institutlarının formalaşdırıldığı, dövlət qurumları arasında koordinasiya mexanizmlərinin gücləndirildiyi vurğulanıb.
Komitə sədri, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdə həyata keçirilən layihələr çərçivəsində müasir rəqəmsal həllərin tətbiqi uşaqlar üçün təhlükəsiz və inklüziv mühitin formalaşmasına xidmət etdiyini bildirib.
Rəqəmsal risklərin sərhəd tanımadığı bir şəraitdə bu çağırışın yalnız milli deyil, qlobal əməkdaşlıq tələb etdiyini deyən sədr, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın himayəsi ilə keçirilən konfransı bu əməkdaşlıq üçün mühüm platforma adlandırıb.Qeyd edib ki, konfransın yüksək səviyyədə təşkilinə göstərilən bu himayə tədbirin məzmununa xüsusi dəyər qatmaqla yanaşı, uşaqların hüquqlarının müdafiəsi və onların təhlükəsiz sağlam inkişafının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli fəaliyyətin növbəti bariz nümunəsidir. B.Muradova konfransda İran, Türkiyə, Mərakeş, Qətər, Şimali Kipr Türk Cümhuriyyəti və digər tərəfdaş dövlətləri təmsil edən dəyərli həmkarlarının iştirakının ailə və uşaq siyasəti sahəsində regional dialoqun və humanitar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Çıxışın sonunda uşaqların rəqəmsal mühitdə müdafiəsində ailənin rolu, eləcə də ailədaxilində etibarlı və açıq ünsiyyət mühitinin qurulmasının vacibliyi vurğulanıb, valideynlərin rəqəmsal savadlılığının artırılmasının mühüm prioritetlərdən biri olduğu qeyd edilib.
Çıxış edən İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian, rəqəmsal texnologiyaların sürətli inkişafının uşaqlar üçün yeni imkanlarla yanaşı, ciddi risklər də yaratdığını bildirib. O, uşaqların kiberməkanda təhlükəsizliyinin təmin edilməsinin qlobal çağırış olduğunu vurğulayaraq, İranın bu sahədə həyata keçirdiyi qanunvericilik, süni intellekt əsaslı məzmun tənzimlənməsi, valideyn nəzarət mexanizmləri və media savadlılığı proqramları barədə məlumat verib. Qeyd olunub ki, İranın Kiber Polisi və aidiyyəti qurumları valideynlər və uşaqlar üçün geniş maarifləndirmə kampaniyaları həyata keçirir, təhsil və sosial rifah qurumları isə bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Sonda Z.Pezeşkian uşaqların rəqəmsal hüquqlarının qorunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və uşaqların rəqəmsal hüquqlarının qorunması üçün güclü beynəlxalq mexanizmlərin formalaşdırılmasının vacibliyini qeyd edib.
Çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, uşaqların bu gün əldə etdikləri bilik və bacarıqlar onların gələcək inkişafını və cəmiyyətdəki rolunu müəyyən edir. Nazir, uşaqlar üçün internet imkanlarının tam şəkildə faydaya çevrilməsinin dövlət və valideynlərin birgə əməkdaşlığından asılı olduğunu dilə gətirib. R.Nəbiyev, Azərbaycan dövlətinin uşaqların rəqəmsal mühitdə təhlükəsiz və səmərəli inkişafını dörd əsas mərhələdə gördüyünü bildirib və əlavə edib ki, bunlar uşaqların internetə çıxış imkanlarının tam şəkildə təmin edilməsi, onlara rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması, həmçinin kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən olunmasıdır. O, son dörd il ərzində ölkədə internetə çıxış imkanlarının təxminən beş dəfə artdığını və bunun da uşaqların, gənclərin rəqəmsal resurslardan daha geniş istifadə etməsinə şərait yaratdığını söyləyib.
Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, rəqəmsal mühitdə uşaqların qorunmasının dövlətlərin ortaq məsuliyyəti olduğunu vurğulayıb. Türkiyədə bu sahədə həyata keçirilən siyasətə toxunan nazir, 2024-2028-ci illəri əhatə edən “Ailənin qorunması və gücləndirilməsi üzrə Fəaliyyət Planı”nda rəqəmsallaşmanın əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, Türkiyə Uşaq Hüquqları Strategiya Sənədi, “Uşaqlara Dost Tətbiqlər” platforması və Sosial Media İşçi Qrupu vasitəsilə uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb. M.Ö.Göktaş çıxışında bir sıra ölkələrdə uşaqların sosial mediaya çıxışı ilə bağlı tətbiq edilən məhdudiyyətlərə toxunaraq, Türkiyədə də rəqəmsal media və oyun platformaları üçün tənzimləyici nəzarət mexanizmlərinin tətbiqi üzərində iş aparıldığını bildirib. Qeyd edib ki, uşaqların psixoloji inkişafının alqoritmlərin təsiri altına düşməsinə yol vermək olmaz və Türkiyə bu sahədə öz təcrübəsini bölüşməyə, regional və qlobal əməkdaşlıqda fəal iştirak etməyə hazırdır.
Çıxış edən Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahya, uşaqların onlayn mühitdə müdafiəsinin müasir dövrdə uşaq siyasətinin əsas çağırışlarından biri olduğunu bildirib. Nazir qeyd edib ki, texnoloji transformasiyalar uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onları zərərli məzmun, istismar və məxfilik riskləri ilə də üz-üzə qoyur və bu, dövlətlərdən daha çevik və effektiv yanaşmalar tələb edir. Naima İbn Yəhya çıxışında Mərakeşdə uşaqların müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, bu sahədə hüquqi və institusional mexanizmlərin gücləndirildiyini vurğulayıb. O, kibercinayətkarlıqla mübarizə, maarifləndirmə proqramları, təhlükəsiz internet təşəbbüsləri və valideynlərin rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunmasının qlobal prioritetə çevrildiyini bildirib və uşaqların onlayn mühitdə müdafiəsi istiqamətində həyata keçirilən institusional və hüquqi təşəbbüslərdən danışıb. O, bu sahədə hüquqi tənzimləmələrin gücləndirilməsinin, ailələrin və valideynlərin rəqəmsal savadlılığının artırılmasının vacibliyini qeyd edib. Nazir rəqəmsal təhdidlərin sərhəd tanımadığını vurğulayaraq, dövlətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin birgə səylərinin uşaqlar üçün daha təhlükəsiz rəqəmsal gələcəyin qurulmasında həlledici rol oynadığını diqqətə çatdırıb.
Çıxış edən Qətər Dövlətinin Sosial İnkişaf və Ailə Nazirliyinin ailə məsələləri üzrə köməkçi katibi Şeyxa Şaika bint Casim Al Thani rəqəmsal mühitin uşaqlar üçün yaratdığı risklərin açıq və tənzimlənməyən informasiya axını fonunda daha da artdığını bildirib. O, uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsinin fərdlərin, cəmiyyətin və dövlətin ortaq məsuliyyəti olduğunu vurğulayaraq, Qətərdə bu sahədə görülən əsas tədbirlərdən bəhs edib. Bildirib ki, müvafiq qanunvericilik gücləndirilib, Kiber Cinayətlərlə Mübarizə Mərkəzi yaradılıb, valideyn razılığı olmadan uşaqların şəxsi məlumatlarının toplanması qadağan edilib və “Təhlükəsiz Məkan” platforması istifadəyə verilib. 2025–2030-cu illəri əhatə edən Milli Strategiya çərçivəsində rəqəmsal təhlükəsizlik, kibermobbinqlə mübarizə və maarifləndirmə istiqamətində sistemli tədbirlər həyata keçirilir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, rəqəmsal mühitdə mövcud risklərin xüsusilə əlilliyi olan, valideyn himayəsindən məhrum, müəssisələrdə yaşayan, aztəminatlı ailələrdən olan və ayrı-seçkiliyə məruz qalan uşaqlara daha ciddi təsir göstərdiyini deyib. O, rəqəmsal təhlükələrin qlobal xarakter daşıdığını və bu çağırışlara yalnız beynəlxalq əməkdaşlıq əsasında cavab verməyin mümkün olduğunu qeyd edib. V.Andreyeva, BMT-nin bu sahədə fəaliyyətinin normativ liderlik, uşaqyönümlü rəqəmsal siyasətlərin və onlayn təhlükəsizlik çərçivələrinin formalaşdırılması, məsuliyyətli innovasiya və süni intellektə etik yanaşmaların təşviqini əhatə etdiyini vurğulayıb. Əlavə edib ki, BMT Azərbaycanda uşaqlar üçün təhlükəsiz, inklüziv və hüquqlara əsaslanan rəqəmsal mühitin yaradılması istiqamətində milli qurumlarla əməkdaşlığı davam etdirməyə hazırdır.
BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Sofiya Kiladze çıxışında rəqəmsal mühit və süni intellekt dövründə uşaqların hüquqlarının qorunmasının dövlətlərin aparıcı rolu və beynəlxalq əməkdaşlıq olmadan mümkün olmadığını vurğulayıb. O qeyd edib ki, Uşaq Hüquqları Konvensiyası və uşaqların rəqəmsal mühitdə hüquqları ilə bağlı “Ümumi Şərh №25” dövlətlər üçün əsas yol xəritəsi rolunu oynayır. S. Kiladze süni intellektin uşaqların hüquqlarına uyğun şəkildə tətbiqi üçün ilk beynəlxalq istiqamətləndirici sənəd olan və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə hazırlanmış Süni İntellekt və Uşaq Hüquqları üzrə Birgə Bəyanatın 2026-cı ildə təqdim olunacağını deyib. Çıxışda uşaqların qorunmasında preventiv yanaşmanın, ailələrin gücləndirilməsinin, valideynlər və təhsil işçiləri ilə sistemli işin vacibliyi xüsusi vurğulanıb, bu sahədə milli və beynəlxalq səviyyədə konkret təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi qeyd olunub.
Konfransda İSESKO-nun baş direktoru Salim Al Malikin adından çıxış edən müşavir Amira Al Fadil bildirib ki, rəqəmsal transformasiya uşaqlıq anlayışını köklü şəkildə dəyişib və bu gün dünyada internet istifadəçilərinin hər üç nəfərindən biri uşaqdır. Qeyd edilib ki, İSESKO uşaqların rəqəmsal mühitdə qorunması üçün psixoloji ilk yardım, onlayn və rəqəmsal zorakılığın qarşısının alınması, eləcə də süni intellekt üzrə etik çərçivələrin hazırlanması istiqamətində praktiki təşəbbüslər həyata keçirir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. O, təşkilatın Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində İslam dünyası üçün İSESKO Süni İntellekt İndeksinin təqdim edildiyini vurğulayıb. Əlavə edib ki, bu sənəd süni intellektin insan mərkəzli, etik prinsiplərə və İslam dəyərlərinə uyğun tətbiqi üçün strateji istiqamət müəyyənləşdirir.
Açılış nitqləri dinlənildikdən sonra konfrans panel sessiya ilə davam edib.
Qeyd edək ki, konfransda yerli və xarici dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, mütəxəssislər və ekspertlər iştirak edirlər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi