“Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans davam edir

22 aprel 2026 14:24

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi və mətbuat katibi Teymur Məmmədov konfrans çərçivəsində keçirilən “Uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi üçün hüquqi və siyasi çərçivələr” adlı panel müzakirəsində çıxış edərək rəqəmsal texnologiyaların sürətli inkişafından qaynaqlanan risklərdən danışıb.

Teymur Məmmədov bildirib ki, uşaqların, valideynlərin və müəllimlərin rəqəmsal savadlılığının artırılması risklərin qarşısının alınmasında mühüm rol oynayır. Bu istiqamətdə Azərbaycan Respublikasının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanununun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Komitə rəsmisi qeyd edib ki, qanun uşaqların fiziki, psixoloji və mənəvi inkişafına zərər verə biləcək informasiyadan qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edir. Eyni zamanda, uşağın mənafeyinin üstün tutulması prinsipi bütün tədbirlərin mərkəzində dayanmalıdır.

Monitorinq və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətindən bəhs edən T. Məmmədov əlavə edib ki, qəbul edilən siyasətlərin təsiri mütəmadi ölçülməli, mövcud boşluqlar operativ şəkildə aradan qaldırılmalıdır. O, həmçinin vurğulayıb ki, rəqəmsal mühit sərhəd tanımadığından beynəlxalq əməkdaşlıq da bu sahədə mühüm rol oynayır.

“Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” və “Uşaq hüquqları haqqında” Qanun bu sahədə sistemli yanaşmanı gücləndirir. Güclü qanunvericilik, effektiv icra, geniş maarifləndirmə və çoxtərəfli əməkdaşlıq birlikdə tətbiq olunduqda uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür”, - deyə o qeyd edib.