“Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusu müzakirə edilib

23 dekabr 2025 17:14

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən konfrans çərçivəsində “Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusu müzakirə edilib. 

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın eksperti, ADA Universitetinin professoru Təbriz Raufoğlunun moderatorluğu ilə baş tutan panel sessiyada İSESCO-nun (Rabat) Baş ofisinin, Sosial və humanitar elmlər sektorunun İnsan elmləri bölməsinin rəhbəri Dinara Quliyeva, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər İdarısinin müdiri Alev Ecevit, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin sədri Kəmalə Aşumova iştirak edib. 

Çıxış edən İSESCO-nun (Rabat) Baş ofisinin, Sosial və humanitar elmlər sektorunun İnsan elmləri bölməsinin rəhbəri Dinara Quliyeva bildirib ki, rəqəmsal mühit uşaqlar üçün böyük imkanlar yaratmaqla yanaşı, kiberzorbalıq, zərərli məzmun və dezinformasiya kimi ciddi risklər də yaradır. Uşaqların onlayn qorunması yalnız texniki tədbirlər deyil, həm də etik yanaşma, mədəni dəyərlərin qorunması və psixi sağlamlıq dəstəyi tələb edir. 

O diqqətə çatdırıb ki, ICESCO-nun təşəbbüsü ilə  İslam dəyərlərinə əsaslanan Süni İntellekt İndeksini və müxtəlif sosial-təhsil təşəbbüslər həyata keçirilir. Təşkilat zorbalığa qarşı mübarizə, psixi sağlamlığın gücləndirilməsi və rəqəmsal savadlılığın artırılmasını prioritet hesab edir. Bu istiqamətdə məktəblər, ailələr və icmalar üçün maarifləndirici resurslar və proqramlar təqdim olunur. “Uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafı dövlətlərin, beynəlxalq təşkilatların və cəmiyyətin birgə məsuliyyətidir” - deyən D. Quliyeva yalnız əməkdaşlıq yolu ilə uşaqlar üçün daha təhlükəsiz və inklüziv rəqəmsal gələcək qurmağın mümkünlüyünü vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər İdarəsinin müdiri Alev Ecevit isə qeyd edib ki, rəqəmsallaşma uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, kiber zorakılıq və onlayn istismar kimi ciddi riskləri də artırmışdır. KKTC-nin kiçik və qapalı cəmiyyət quruluşu bu halların bildirilməsini çətinləşdirir və erkən müdaxiləni məhdudlaşdırır. O bildirib ki, bu səbəbdən uşaqların rəqəmsal mühitdə qorunması üçün uşaq mərkəzli, çoxpaydaşlı və dayanıqlı bir modelin formalaşdırılması zəruridir: “Sosial Xidmətlər İdarəsi, təhsil sistemi, polis və vətəndaş cəmiyyəti arasında institusionallaşdırılmış əməkdaşlıq erkən aşkarlama və effektiv müdaxilə baxımından həlledici rol oynayır” - deyə əlavə edib. Bildirilib ki, ailələrin rəqəmsal valideynlik bacarıqlarının gücləndirilməsi və məktəb əsaslı qabaqlayıcı proqramların yayğınlaşdırılması əsas prioritetlər sırasında yer almalıdır. Rəqəmsal savadlılığın erkən yaşlardan təhsil sisteminə inteqrasiyası uşaqların risklərə qarşı davamlılığını artıracaqdır.

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova çıxışında diqqətə çatdırıb ki, rəqəmsal mühitdə psixoloji manipulyasiya əsasən istifadəçilərin emosiyalarına və davranışlarına təsir göstərmək üzərindən həyata keçirilir. Sosial şəbəkə alqoritmləri, hədəflənmiş reklamlar, saxta profillər və manipulyativ məzmunlar istifadəçilərin maraqlarını, qorxularını və zəif nöqtələrini nəzərə alaraq formalaşdırılır. Bu cür hallarla mübarizənin əsas yolu texniki nəzarətdən daha çox maarifləndirmə və davranış bacarıqlarının formalaşdırılmasıdır. O əlavə edib ki, aktual tendensiyalardan biri süni intellektin uşaqlar üçün “etibarlı mənbə” kimi qəbul edilməsi riskidir. Digər mühüm risk isə şəxsi məlumatların süni intellekt sistemlərinə nəzarətsiz ötürülməsi və bunun nəticəsində məxfiliyin pozulmasıdır: “Bu səbəbdən diqqət edilməli əsas məqamlar maarifləndirmənin məzmununun yenilənməsi, süni intellektlə bağlı risklərin ayrıca izah edilməsi və tənqidi düşünmə bacarıqlarının gücləndirilməsidir” - deyə o vurğulayıb. 

2025-ci ilin 11 ayı ərzində Azərbaycan Uşaq Qaynar Xəttinə 4265 müraciətin daxil olduğunu diqqətə çatdıran “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin sədri Kəmalə Aşumova bildirib ki, bizi rəqəmlərdən daha çox narahat edən, tendensiyanın dəyişməsidir. Əvvəllər daha çox fiziki və ya emosional zorakılıqla üzləşirdiksə, indi rəqəmsal terror ön plana keçir. Qlobal mənzərə də eynidir. Avropada son dörd ildə 1.3 milyon zorakılıqla bağlı müraciət qeydə alınıb. Təkcə keçən il 80000 uşaq kiberbullinq səbəbindən yardım istəyib. Ən qorxulusu isə texnologiyanın sürətidir.

O qeyd edib ki, süni intellektin inkişafı ilə cinayətkarlar artıq real görüntülərə ehtiyac duymadan uşaqların sosial şəbəkələrdəki adi şəkillərindən istifadə edərək ağır istismar materialları yarada bilirlər və bu, uşaq istismarını normallaşdıran son dərəcə təhlükəli bir tendensiyadır. Uşaqlar bu hallarla üzləşdikdə çox vaxt qorxu və utanma səbəbindən susur, kömək üçün isə zəngdən çox rəqəmsal və anonim kanallara üstünlük verirlər. Bu reallıq göstərir ki, effektiv müdafiə yalnız hüquqi tədbirlərlə deyil, eyni zamanda psixoloji dəstək və rəqəmsal təhlükəsizlik mexanizmlərinin birgə işləməsi ilə mümkündür. K. Aşumova vurğulayıb ki, dövlət qurumları, texnologiya şirkətləri, vətəndaş cəmiyyəti və medianın vahid yanaşması olmadan bu təhlükələrin qarşısını almaq mümkün deyil. Hər bir uşaq həm real, həm də rəqəmsal mühitdə təhlükəsiz uşaqlıq hüququna malikdir və bu hüququ qorumaq hamımızın ortaq məsuliyyətidir.

Panel müzakirə sualların cavablandırılması, təklif və tövsiyələrin səsləndirilməsi ilə davam edib. Bildirilib ki, effektiv qorunma yalnız texnoloji həllərlə məhdudlaşmamalı, eyni zamanda hüquqi mexanizmlərin təkmilləşdirilməsi, psixoloji dəstəyin gücləndirilməsi, ailələrin və uşaqların rəqəmsal savadlılığının artırılması ilə müşayiət olunmalıdır. Uşaqlar üçün təhlükəsiz, inklüziv və dayanıqlı rəqəmsal mühitin formalaşdırılmasının ümumi məsuliyyət olduğu və bu istiqamətdə birgə addımların atılmasının vacibliyi xüsusi vurğulanıb.

Konfrans çərçivəsində Bəyannamə qəbul edilib. 

Dövlət Komitəsinin sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək bildirib ki, bu gün keçirilən beynəlxalq konfrans müxtəlif ölkələrin nümayəndələrinin müsbət təcrübələrinin paylaşılması, ölkələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və birgə fəaliyyətin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təşkil olunan tədbirlər yalnız o zaman məqsədinə çatır ki, göstərilən səylər gələcəyə yönəlik strateji baxışların formalaşmasına xidmət etsin və öz məntiqi nəticəsini tapsın.

B. Muradova qeyd edib ki, konfrans boyunca səsləndirilən fikirlər, təqdim olunan təcrübələr və paylaşılan yanaşmalar bir daha sübut etdi: uşaqların rəqəmsal mühitdə müdafiəsi təkcə ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın ortaq məsuliyyətidir. Bu sahədə spesifik platformaların yaradılması, mövcud beynəlxalq şəbəkələrin və əməkdaşlıq mexanizmlərinin daha da intensivləşdirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Komitə sədri aktual məsələlər ətrafında imkan və səylərin birləşdirilməsinin vacibliyini vurğulayaraq, konfransda səslənən fikirlərin, mütəxəssislər tərəfindən təklif olunan həll yollarının, alətlərin, eləcə də çərçivə və standartların önəmini qeyd edib. O, tədbirin yekununda qəbul edilən bəyannamədə əks olunan müddəaların bu formatda əməkdaşlığın davamlılığını təmin edəcəyinə əminliyini ifadə edib.

Gələcəyə yönəlik planların uğurla reallaşdırılması üçün hüquqi çərçivələrin müəyyənləşdirilməsinin vacib olduğunu bildirən B. Muradova vahid yanaşmaların formalaşdırılmasının və birgə həll mexanizmlərinin yaradılmasının zəruriliyini diqqətə çatdırıb.

Sonda xatirə fotosu çəkilib.