Regionlarda uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-14 mart 2025-ci il tarixlərində rayonlarda, eləcə də kənd və qəsəbələrdə mərkəzlərin ekspert qruplarının üzvləri, tibb işçiləri, tələbələr, müəllimlər və icma sakinlərinin iştirakı ilə uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdə çıxış edənlər mövzunun aktuallığından bəhs edib, ölkəmizdə uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, gender stereotiplərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıblar. Qeyd edilib ki, selektiv abortlarhəm qadınların reproduktiv sağlamlığına böyük zərbə vurur, həm də hamiləliyin süni şəkildə pozulması oğlan uşaqlarının sayının artmasına gətirib çıxarır və bu da gələcəkdə ölkənin demoqrafik, sosial-iqtisadi inkişafına mənfi təsir göstərə bilər.
Tədbirlərdə iştirakçılara övladlar arasında cinsi ayrı-seçkilik etməmək, hər bir uşağa sevgi, qayğı və hörmətlə yanaşmaq, gələcək nəslin sağlam və bilikli olması məqsədilə həyata keçirilən layihələrdə yaxından iştirak etmək tövsiyə edilib.
Tədbirlərdə mövzu ətrafında müzakirələr aparılıb, sosial çarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.