Regionlarda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilir

14 noyabr 2024 16:47

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 20 oktyabr - 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər, o cümlədən “Mənim hüquqlarım” və “Yadda saxla, balaca!” adlı interaktiv və öyrədici təlimlər, maarifləndirici görüşlər, viktorinalar, ekoloji layihələr həyata keçirilib.

Rayon İcra Hakimiyyətləri, idarə, müəssisə və təşkilatlar, təhsil müəssisələrinin dəstəyi ilə keçirilən tədbirlərdə müvafiq qurumların əməkdaşları, Uşaq Səfirlər Məclisinin rayonlar üzrə nümayəndələri, müəllimlər, şagirdlər, məktəbəqədər yaşlı uşaqlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə mərkəzlərin əməkdaşları, ekspertlər tərəfindən iştirakçılara “Uşaq hüquqları haqqında” Konvensiyanın yaranma tarixi, mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, həmçinin “Uşaq Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi, uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumların, ümumilikdə vətəndaş cəmiyyətinin üzərinə düşən öhdəliklərindən bəhs edilib.

İnteraktiv şəkildə keçirilən təlimlərdə uşaqlar hüquq və vəzifələrlə bağlı müzakirələrə qoşulub, qrup işlərində fəal iştirak ediblər. Azyaşlı uşaqlara təhlükəsizlik qaydaları, həyatda qarşılaşa biləcəkləri təhlükələr və bu təhlükələrdən müdafiə yollarından bəhs edilib, onlarla müxtəlif aktiv oyunlar oynanılıb, rəsmlər çəkilib və öyrədici materiallar hədiyyə edilib.

Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına cəmiyyətin diqqətini çəkmək, ekoloji şüurun formalaşmasına töhfə vermək, yaşıllıq ərazilərin artırılması vasitəsilə ekoloji balansın bərpasına nail olmaq məqsədilə uşaqların iştirakı ilə iməciliklər və ağacəkmə aksiyaları da keçirilib.