Regionlarda uğurla keçirilən “Çempion ailələr” layihəsi davam edir

25 iyun 2026 15:55

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində növbəti intellektual yarışlar 22-24 iyun 2026-cı il tarixlərində Yardımlı, Beyləqan, Zəngilan rayonlarında keçirilib.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan "Fibonacci" intellektual oyununun keçirilməsində əsas məqsəd iştirakçıların komanda işini və həmrəyliyi gücləndirməkdir. Bu yarışlar həmçinin ailələrin və gənclərin asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələrinə xidmət edir.

Təşkil edilən yarışlarda ümumilikdə 30 ailə iştirak edib. Sonda, yarış iştirakçılarına sertifikatlar təqdim olunub. Yardımlı rayonunda Əhədovlar ailəsi, Beyləqan rayonunda Mirzəyevlər ailəsi, Zəngilan rayonunda isə Həmzəyevlər ailəsi qalib kimi diplom və hədiyyələrlə mükafatlandırılıb.

Layihənin əsas məqsədi ailə dəyərlərinin və milli ənənələrin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, eləcə də ailə üzvləri arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsidir.