Regionlarda silsilə maarifləndirmə işləri aparılır
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Hacıqabul, İsmayıllı, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, erkən evlilik və qohum nikahlarının zərərləri, reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilib.
Tədbirlərdə yerli idarə və müəssisələrin əməkdaşları, tibb işçiləri, təhsil müəssiələrinin müəllim, psixoloqları, mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri, icma sakinləri, yuxarı sinif şagirdləri və tələbə kollektivləri iştirak ediblər.
Maarifləndirmə tədbirlərində çıxış edən ekspertlər cins seçiminə görə hamiləliyin süni surətdə pozulması hallarının fəsadları, cinsə görə verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, eyni zamanda selektiv abortların qarşısının alınması və gender bərabərliyinin təşviqinə dair mövcud olan qanunvericilik aktları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Həmçinin erkən evlilik və qohum nikahlarının zərələrindən danışan mərkəz əməkdaşları bu istiqamətdə qanunvericiliyə edilən dəyişikliklər barədə də ictimaiyyəti məlumatlandırıblar.
Bunlarla yanaşı sağlam həyat tərzinin seçilməsinin vacibliyindən, sağlamlığın əsası olan gigiyenadan, düzgün qidalanma, sağlamlıq üçün fiziki aktivlik və idmanın rolu, zərərli vərdişlərdən qorunmağın əhəmiyyətindən bəhs edilib.
İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçılarla mövzu ilə əlaqədar qrup işləri aparılıb, sorğular keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, sosial video çarxlar nümayiş etdirilib və maarifləndirici bukletlər paylanılıb.