Regionlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri, o cümlədən “Ailədə uşaqların cinsinə görə ayrı-seçkilik yolverilməzdir” mövzusunda dəyirmi masalar, təhsildən yayınan və risk qrupundan olan uşaqların aşkar edilməsi, problemlərinin öyrənilməsi və həlli ilə bağlı görüşlər keçirilib, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrinə monitorinqlər təşkil edilib.
Tədbirlərdə və monitorinqlərdə mərkəzlərin, yerli icra hakimiyyətlərinin və Ombudsmanın Regional Mərkəzinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, təhsil, tibb və mədəniyyət işçiləri, valideynlər, tələbələr, icmadan olan sakinlər iştirak ediblər.
Görüşlər və monitorinqlər zamanı təhsildən yayınan uşaqlar haqqında məlumatlar toplanılıb və nəzarətə götürülüblər.
Maarifləndirmə tədbirlərində “İnsan Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi, eləcə də ölkəmizdə qüvvədə olan qanunvericilik aktları haqqında ətraflı məlumat verilib, Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, sevgi ilə böyüməsinin vacibliyi vurğulanıb, uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda müvafiq qurumlara vaxtında məlumat verilməsinin zəruriliyi qeyd edilib.
Cinsi ayrı-seçkiliyin, gender stereotiplərinin aradan qaldırılması, erkən nikah, təhsildən yayınma, məişət və gender əsaslı zorakılıq halların qarşısının alınması istiqamətində aparılan işlər və dövlət proqramları barədə məlumat verilib.
Ekspertlər doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərərləri barədə danışıblar.
Tədbirlərdə müvafiq mövzularda sosial çarxlar nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.