Regionlarda aktiv məşğulluq tədbirləri keçirilib

22 aprel 2024 12:15

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti dövlət qurumları, müəssisə və təşkilatların dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin yeni peşələrə yiyələnməsi məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilib, inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinə sosial-psixoloji xidmətlər göstərilib.

Mərkəzlərdə və təhsil müəssisələrində keçirilmiş tədbirlərdə UADM-lər və müvafiq qurumların nümayəndələri, mərkəzlərin benefisiarları, müəllimlər, yeniyetmə və gənclər, tələbələr, işaxtaran və işsiz şəxslər iştirak ediblər.

Tədbirlərdə əhalinin məşğulluğunun təmin edilməsi, işsizlik probleminin həlli istiqamətində ölkəmizdə görülən işlərdən danışılıb. Ekspertlər tərəfindən peşə təhsili, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar, ödənişli və ödənişsiz peşə kursları, iş axtarmaq qaydaları, CV-lərin hazırlanması, iş müsahibəsi zamanı özünütəqdimetmə bacarıqları barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran sualları cavablandırılıb.