Quba rayonunda uşaq iştirakçılığının təmin olunması istiqamətində təlim proqramları təşkil edilib

3 iyul 2025 17:19

Paylaş:

Quba rayonunda  uşaq iştirakçılığının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində 1 iyul 2025-ci il tarixində təlim proqramları təşkil edilib.

Təlimlər Uşaq Səfirlər Məclisinin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Konstitusiya və Suverenlik İl”i çərçivəsində “Uşaq iştirakçılığı”, “Uşaqlar üçün təhlükəsiz internet mühiti. Mövcud təhlükələr və hüquqi aspektlər”, “Zərərli vərdişlərin uşaqların orqanizminə təsiri”, “Erkən nikahın fəsadları”, “Rəqəmsal Təhlükəsizlik” mövzularında keçirilib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova “Uşaqdan-uşağa” layihəsi haqqında məlumat verərək, uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyeva dövlət qurumlarının dəstəyi ilə keçirilən “Hüquqlarınla Parla!” layihəsi ilə bağlı geniş məlumat verib və uşaqlara uğurlar arzulayıb.

Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov çıxış edərək, təşkilat haqqında iştirakçıları məlumatlandırıb. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə olan müasir mühiti formalaşdıracağını bildirib.

Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Fətəliyeva və Tərlan Əhədzadə uşaq iştirakçılığı, məclisin fəaliyyəti, uşaq hüquqları ilə bağlı məlumat veriblər. Onlar uşaqların inkişafında rol oynayan ailə və cəmiyyət faktorlarından söz açaraq bildiriblər ki, uşaqlar öz üzərində işləməyi və təsiretmə bacarıqlarını formalaşdırmalıdır.

Təlimlərin davamı olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdir müavini Lalə Məmmədova, Quba rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Aynur Şahbazova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov öz təqdimatları ilə çıxış edib və uşaqları maraqlandıran sualları cavablandırıblar.

İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, keçirilən təlimlərdən öyrəndikləri bilikləri intellektual oyun vasitəsilə daha da möhkəmləndiriblər. Qalib gələn komandaya simvolik hədiyyələr təqdim olunub.

Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatlarla təmin olunub.