“Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyi qeyd olunub

22 oktyabr 2026 17:33

Paylaş:

2026-cı il oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə reallaşdırılan “Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qızların Təhsilinə Dəstək” layihəsinin beş il ərzində keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri və qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, qızlar məktəbinin 125 illiyinin və “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyinin mühüm tarixi və ictimai əhəmiyyət daşıdığını bildirib. O, qızların təhsilinin cəmiyyətin tərəqqisinin, milli inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biri olduğunu vurğulayaraq, Tağıyevin maarifçilik ideyalarının bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb. Həmçinin müstəqil Azərbaycanda qadınların hüquq və imkanlarının genişləndirilməsi, təhsilin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bu tarixi ənənənin davamı olduğunu qeyd edib.

Bahar Muradova layihənin beşillik fəaliyyətinin qızların təhsil imkanlarının genişləndirilməsi, onların potensialının üzə çıxarılması və gələcək peşə fəaliyyətinə hazırlanması baxımından önəmini vurğulayıb. Müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt və əmək bazarının yeni tələblərinin gənclərdən fərqli bacarıqlar tələb etdiyini bildirən Dövlət Komitəsinin sədri qızların elm, mühəndislik, informasiya texnologiyaları, hüquq və digər perspektivli sahələrə marağının dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.

B. Muradova, qızların təhsilinə və gələcək inkişafına dəstəyin genişləndirilməsi üçün dövlət qurumlarını, ali təhsil müəssisələrini, sahibkarları, şirkətləri və uğur qazanmış qadınları əməkdaşlığa dəvət edib. O, mentorluq, təcrübə və peşəkar inkişaf imkanlarının yaradılmasının gənc qızların potensialını reallaşdırmasına, gələcək karyeralarına inamının artmasına və ölkənin inkişafına töhfə verməsinə şərait yaradacağını bildirib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qızların təhsilinə dəstəyin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahəyə yatırılan investisiyalar yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. O, qızların təhsilinin cəmiyyətin intellektual potensialının gücləndirilməsi və gələcək nəsillərin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Təhsilli qızların gələcəkdə övladlarını savadlı, müstəqil və məsuliyyətli vətəndaşlar kimi yetişdirməsi bu sahəyə yatırılan investisiyaların uzunmüddətli təsirini göstərir.

Nazir, həmçinin qadınların dövlət və özəl sektorda, eləcə də cəmiyyətin müxtəlif sahələrində qərarların qəbulunda iştirakının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu, dayanıqlı inkişafın və daha sağlam cəmiyyətin formalaşmasının vacib amillərindəndir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi, onların potensialının üzə çıxarılması və təhsildə bərabər imkanların təmin olunmasında oynadığı mühüm rola diqqət çəkib. N.Məmmədli, dövlət, təhsil və özəl sektor arasında əməkdaşlığın qızların təhsilinə dəstək təşəbbüslərinin davamlılığında roluna toxunaraq, layihənin həyata keçirilməsinə dəstək göstərən tərəfdaşlara təşəkkürünü bildirib. Yeni tərəfdaşların layihəyə qoşulmasının təşəbbüsün inkişafına və əhatə dairəsinin genişlənməsinə təkan verəcəyini vurğulayıb.

Layihəyə qoşulmağın hər il onlarla tələbəyə təhsil dəstəyi göstərmək baxımından mühüm imkan yaratdığını bildirən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev belə mütərəqqi təşəbbüsün bir parçası olmaqdan məmnunluğunu ifadə edib. O, tələbələri bir araya gətirən geniş birliyin formalaşmasının və onların peşəkar təcrübə qazanmasına imkan yaradılmasının əhəmiyyətini vurğulayaraq, təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib.

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub, təhsilin insana seçim imkanları qazandırdığını vurğulayaraq, bu təşəbbüsün qızların potensialına inamın və onların gələcəyinə verilən dəyərin göstəricisi olduğunu qeyd edib. Fatimə Əyyub gənc qızlara tövsiyələrini çatdıraraq, hər bir uğurun kiçik addımlardan başladığını və seçilən peşədə nailiyyət qazanmağın əsasının bilik və təhsildən keçdiyini diqqətə çatdırıb.

Daha sonra Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları  Bakı Dövlət Universitetinin tələbəsi Nuray Şirinli və Azərbaycan Dillər Universitetinin tələbəsi Çinarə Məmmədova layihənin onların həyatına və şəxsi inkişafına təsirindən bəhs ediblər. Onlar layihə çərçivəsində müxtəlif mübadilə və inkişaf proqramlarında iştirak etdiklərini, təlimlərə cəlb olunduqlarını bildiriblər. İştirakçılar layihənin qızların öz potensiallarına inanması, bilik və bacarıqlarını inkişaf etdirməsi, gələcək hədəflərinə daha inamla irəliləməsi üçün mühüm platforma olduğunu vurğulayıblar.

Yubiley tədbiri bədii hissəsi ilə yekunlaşıb.