Qırğızıstan Respublikasının Bişkek şəhərində Qadınların Biznes Forumu və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib
Paylaş:
2025-ci ilin 21–22 oktyabr tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində CAREC Qadınların Biznes Forumu – Yaşıl İnnovasiya və Gender Bərabərliyi üçün Birlikdə” və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib.
Forumun məqsədi region ölkələri arasında yaşıl iqtisadiyyat və gender bərabərliyi istiqamətində əməkdaşlığın gücləndirilməsi, qadınların iqlim dəyişikliklərinə qarşı mübarizədə və innovativ həllərin tətbiqində daha fəal iştirakının təşviq edilməsi olub.
Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Xarici Əlaqələr və protokol xidməti şöbəsinin baş məsləhətçisi Ülkər Ömərova iştirak edərək, “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin edilməsi, COP29 təcrübəsi və iqlim siyasətinə inteqrasiyası” istiqamətində görülən işlər barədə çıxış edib.
Azərbaycan nümayəndəsinin çıxışı iştirakçılar tərəfindən müsbət qarşılanaraq, ölkəmizin gender siyasətinin institusional səviyyədə möhkəmləndirilməsi və iqlim gündəliyinə inteqrasiyası region ölkələri üçün müsbət nümunə kimi qeyd edilib.
Tədbir çərçivəsində “Gender yönümlü iqlim maliyyələşməsi”, “Gender inklüziv iqlim siyasətləri” və “Yaşıl innovasiya və texnologiyalar” adlı panel müzakirələri aparılıb. Qadın sahibkarlar yaşıl iqtisadiyyata verdikləri töhfələrə görə “CAREC Gender və İqlim Mükafatları 2025” mərasimində mükafatlandırılıblar.
Region üzrə ən uğurlu fərdi və təşkilati təşəbbüslər təqdim olunarkən, həm də Azərbaycandan olan nümayəndələr təltif edilib. “EkoSfera” Sosial-Ekoloji Mərkəz ictimai birliyinin rəhbəri Firuzə Sultanzadə iqlim təşəbbüslərində və dayanıqlı inkişaf layihələrində iştirakına verdiyi töhfələrə, Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova isə CLIMASOL panellərinin icadına görə mükafatlandırılıblar.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi