Qida Sənayesi Kollecinin tələbələrinə “Uşaqların zərərli informasiyadan qorunması” adlı təlim keçirildi

13 noyabr 2025 15:33

Paylaş:

13 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qida Sənayesi Kollecinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunması” adlı təlim keçirilib.
Tələbələrin iştirakı ilə baş tutan təlimdə Komitənin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun əməkdaşı Sevil Rəsulzadə təqdimatla çıxış edərək, ölkədə uşaq hüquqlarının təmin olunması, eləcə də uşaqların internet mühitində üzləşə biləcəyi risklər barədə məlumat verib.
S. Rəsulzadə qeyd edib ki, müasir texnologiyaların sürətli inkişafı uşaqların informasiyaya çıxış imkanlarını genişləndirsə də, bu, eyni zamanda onların kibertəhlükələrə məruz qalma ehtimalını artırır. Bu səbəbdən valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə həmçinin sosial şəbəkələrdən təhlükəsiz istifadə, şəxsi məlumatların qorunması, kiberzorakılıq hallarının qarşısının alınması yolları haqqında ətraflı məlumat verilib.
Təlim interaktiv sual-cavab sessiyası ilə davam edib və iştirakçılara mövzu ilə bağlı praktiki tövsiyələr təqdim olunub.