“Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və sərginin açılış mərasimi keçirilib
Paylaş:
Azərbaycan Milli Xalça Muzeyində “Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi keçirilib. Tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü və 6 Mart - Milli Geyimlər Günü münasibətilə təşkil olunub.
Mərasim görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da açılış nitqi ilə çıxış edib. Bahar Muradova, insanlığın yalnız sülh və əmin-amanlıq şəraitində inkişaf etdiyini, qarşıya qoyduğu hədəflərə çata bildiyini bildirib. Onun sözlərinə görə, tarix boyu formalaşan bu dəyərlər zaman keçdikcə yeni çalarlar qazanır və müasir dövrün sürətli dəyişiklikləri fonunda daha da zənginləşir. Komitə sədri, belə bir dinamik mühitdə xalqın kökünü, kimliyini və varlığını əks etdirən mədəni irsin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, Qərbi Azərbaycanda yaşamış əcdadların mədəni irsi ilə yaxından tanış olduqca bizi bir-birimizə bağlayan möhkəm bağların və tarixi həqiqətlərin bir daha üzə çıxdığını söyləyib.
Bahar Muradova çıxışında görkəmli rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığına toxunaraq, onun əsərlərində istifadə olunan rənglər və bədii formaların Azərbaycan xalqının zəngin təxəyyülünü və həyata baxışını, təbiətin rəngləri ilə harmoniya yaratmaq bacarığını əks etdirdiyini qeyd edib.
Komitə sədri Azərbaycan xalqının tarix boyu çətinliklərə sinə gərərək öz milli kimliyini və dəyərlərini qoruya bildiyini diqqətə çatdırıb, xalqın öz tarixi torpaqlarına ləyaqətlə qayıdacağına və belə mədəni tədbirlərin gələcəkdə həmin ərazilərdə də keçiriləcəyinə inamını ifadə edib.
Qeyd edək ki, “Qərbi azərbaycanlıların milli geyim irsi” layihəsi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə hazırlanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi