“Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir keçirilib
Paylaş:
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbir keçirilib.
Tədbirin məqsədi qadın sahibkarlığının təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri və hüquqi çərçivə barədə məlumatlılığın artırılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirin moderatoru Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakına diqqət çəkərək qeyd edib ki, ölkəmiz müasir çağırışlar və gələcək vəzifələri nəzərə almaqla bir çox layihələrin müəllifidir. Azərbaycanın AQEM çərçivəsində qadınların səlahiyyətləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdiyini bildirən H.Hüseynova bu baxımdan keçirilən tədbirlər və AQEM Qadınlar Şurasının ilk iclasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Deputat qeyd edib ki, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm qanunvericilik bazası formalaşdırılıb, qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün bərabər hüquqi imkanlar yaradılıb. Eyni zamanda, Milli Məclisdə ictimai dinləmələr keçirilir, sahibkar qadınların təklifləri nəzərə alınır və qanunvericilik təşəbbüsləri davam etdirilir.
Hicran Hüseynova tədbir çərçivəsində aparılan müzakirələrin qadın sahibkarlığının inkişafı ilə bağlı konkret nəticələrin əldə olunmasına və gələcək fəaliyyət üçün yol xəritəsinin hazırlanmasına xidmət edəcəyinə inamını ifadə edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların iqtisadi fəallığının artırılmasının, onların sahibkarlıq imkanlarının genişləndirilməsinin sosial inklüzivliyin təmin edilməsi və davamlı iqtisadi inkişafın mühüm hərəkətverici qüvvələrindən biri olduğunu vurğulayıb.
O bildirib ki, qadın sahibkarlığının inkişafı üçün əlverişli mühitin yaradılması, qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirilməsi və effektiv dövlət dəstəyi mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda qadın sahibkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri qadınların maliyyə resurslarına çıxışın genişləndirilməsi, təlim və mentorluq imkanlarının artırılması, eləcə də startap təşəbbüslərinin təşviqi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Bahar Muradova qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi, qərarqəbuletmə proseslərində iştirakının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
O, həmçinin parlament və hökumət səviyyəsində əməkdaşlığın gücləndirilməsinin, qanunvericilik təşəbbüslərinin praktik ehtiyaclara uyğunlaşdırılmasının və siyasətlərin icrasına effektiv nəzarət mexanizmlərinin qurulmasının əhəmiyyətini qeyd edib.
Çıxış edən Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem ErdoğanTürkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin qadınların inkişafı və iqtisadi fəallığının artırılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Qadınların iqtisadi, sosial və ictimai həyatın bütün sahələrində fəal iştirakının zəruri olduğunu diqqətə çatdıran Ç. Erdoğan bildirib ki, Türkiyədə qadınların iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib, bu məqsədlə hüquqi maneələr aradan qaldırılıb, çevik əmək modelləri və sosial dəstək mexanizmləri tətbiq olunub.
Çiğdem Erdoğan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, qadın sahibkarlar üçün ortaq mentorluq şəbəkələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, qadınların iqtisadi güclənməsi təkcə sosial rifah deyil, həm də regional sabitlik və təhlükəsizliyin əsas amillərindən biridir.
Qazaxıstan Respublikası Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin katibi Nurqül Tau Qazaxıstanda cəmiyyətdə qadınların rolunun artırılması, potensialının üzə çıxarılması və iqtisadi fəallığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. N.Tau qadın sahibkarlığının inkişafı və qadınların təhsil imkanlarının genişləndirilməsi, o cümlədən innovasiya sahəsində iştirakının dəstəklənməsi layihələrini qeyd edib. Eləcə də bu tədbirlərin ölkədə iqtisadiyyatın inkişafına təsirini vurğulayıb.
Nurqül Tau, AQEM Qadın Şurasının yaradılmasının regionda qadınların inkişafına, öz potensiallarını reallaşdırmasına və sahibkarlıq imkanlarının genişləndirilməsinə şərait yaratdığını deyib.
Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək, Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, son illərdə qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib ki, bu da ölkədə müsbət iqtisadi dinamikanın göstəricisidir.
Çıxışda vurğulanıb ki, qadınların beynəlxalq ticarət və tədbirlərdə iştirakı genişlənir, onların fəaliyyətinə kadr hazırlığı, layihə və müsabiqələr vasitəsilə dəstək göstərilir. Eyni zamanda sənaye, səhiyyə və turizm sahələrində qadın sahibkarlığı üçün geniş perspektivlərin mövcud olduğu, rəqəmsal imkanların inkişafının isə bu sahədə prioritet istiqamət təşkil etdiyi diqqətə çatdırılıb.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova kənd qadınlarının ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirib. O, qadınların sahibkar kimi formalaşması üçün elektron xidmətlərin inkişafı və maliyyə resurslarına çıxışın genişləndirilməsi əsas prioritetlərdən olduğunu qeyd edib.
Gülbəniz Qənbərova əlavə edib ki, regionlarda kollektiv qadın biznes modelləri genişlənir, qadınlar birgə fəaliyyət göstərərək istehsal və gəlirlərini artırır, həmçinin digər qadınların məşğulluğuna töhfə verirlər.
Qeyd edib ki, dövlət tərəfindən subsidiya, güzəştli kredit və təlim proqramları vasitəsilə qadın sahibkarlığına dəstək göstərilir, hüquqi mexanizmlərin sadələşdirilməsi isə bu sahəyə çıxışı asanlaşdırır.
Tədbirdə, həmçinin qadınların biznes fəaliyyətinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə və qeyri-maliyyə dəstək mexanizmlərinin inkişafı, hüquqi və institusional çərçivənin daha da gücləndirilməsi, eləcə də gender bərabərliyini təşviq edən siyasətlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi