Polis Akademiyasında Uşaq Hüquqları Aylığı çərçivəsində maarifləndirici görüş keçirilib
Paylaş:
Uşaq Hüquqları Aylığı çərçivəsində Polis Akademiyasında uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı hüquq pozuntularının qarşısının alınması və bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi mövzusunda görüş keçirilib.
Tədbirdə Polis Akademiyasının rəisinin birinci müavini Vüqar Mansurov qonaqları salamlayaraq, uşaq hüquqlarının qorunmasının cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulayıb. O, gələcək polis əməkdaşlarının bu sahədə zəruri bilik və praktiki bacarıqlara yiyələnməsinin əhəmiyyətinə toxunub.
Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev uşaq hüquqlarının müdafiəsində hüquq mühafizə orqanlarının rolundan, eləcə də bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyətin vacibliyindən danışıb. Qeyd olunub ki, uşaqların hüquqlarının qorunması yalnız baş vermiş pozuntulara hüquqi reaksiya verilməsi ilə məhdudlaşmamalı, risklərin vaxtında müəyyənləşdirilməsi, preventiv tədbirlərin görülməsi və uşaqların təhlükəsiz mühitdə inkişafının təmin edilməsini də əhatə etməlidir.
Tədbirdə digər aidiyyəti qurumların nümayəndələri də çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində öz fəaliyyət istiqamətləri, mövcud mexanizmlər və qurumlararası əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi