“Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında” adlı ilk görüş təşkil edildi

10 aprel 2026 12:05

Paylaş:

9 aprel 2026-cı il tarixində Gəncə Dövlət Milli Dram teatrında keçirilən görüşdə qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov layihənin əhəmiyyətini xüsusi qiymətləndirərək onun uğurlu olacağına inamını ifadə edib. O bildirib ki, gənclərin formalaşmasında mühüm rol oynayacaq layihənin ilk görüşünün məhz Gəncədə keçirilməsi təşəbbüsü təqdirəlayiqdir. 

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan xalqı ortaq köklərə, vahid mədəniyyətə və zəngin dəyərlər sisteminə malikdir. Onun sözlərinə görə, “biz bir xalqın övladı, bir nəslin nümayəndəsi və bir mədəniyyətin daşıyıcılarıyıq” və bizə miras qoyulan milli ənənə və dəyərləri qorumaq, onların aşınmasının qarşısını almaq hər bir vətəndaşın məsuliyyətidir.

Bahar Muradova qeyd edib ki, sağlam ictimai münasibətlərin formalaşmasında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutları, ictimai-siyasi və mədəniyyət xadimləri, şairlər, yazıçılar, alimlər və akademiklər mühüm rol oynayırlar. Onlar bədii, musiqi və elmi yaradıcılıqları vasitəsilə milli düşüncənin və mədəniyyətin inkişafına töhfə verirlər.

Komitə sədri vurğulayıb ki, bu proses erkən yaşlardan, ilk növbədə ailə mühitindən başlamalıdır. Onun sözlərinə görə, insan 18 yaşa qədər formalaşma və kamilləşmə mərhələsindən keçir və bu dövrdə gənclərin mədəniyyət, elm və fikir dünyası ilə yaxından tanış olması xüsusi əhəmiyyət daşıyır.

B. Muradova “Parlayan ziya” layihəsinin də məhz bu məqsədlərə xidmət etdiyini bildirib. Beləliklə, layihə çərçivəsində gənclər, valideynlər, müxtəlif dövlət qurumlarının nümayəndələri, ağsaqqallar və ağbirçəklərlə görüşlər təşkil olunaraq aktual ictimai məsələlər müzakirə edilir, ölkənin və dünyanın çağırışları fonunda gənc nəslin vəzifələri və missiyası müəyyənləşdirilir.

Onun sözlərinə görə, müzakirələr zamanı insan hüquqlarının qorunması, uşaq və qadın hüquqları, zərərli vərdişlərə qarşı mübarizə, gənclərin təhlükəsizliyi və cəmiyyəti narahat edən problemlər xüsusi diqqət mərkəzində saxlanılır. “Bu gün münasibət bildirilməli məsələləri sabaha saxlamaq olmaz”, – deyə komitə sədri vurğulayıb.

Bahar Muradova həmçinin qeyd edib ki, Azərbaycan hazırda tarixinin ən güclü dövrlərindən birini yaşayır və ölkənin əsas sərvəti insan kapitalıdır. O bildirib ki, hər bir vətəndaş öz biliyi, bacarığı və mövqeyi ilə bu sərvətin zənginləşdirilməsinə töhfə verməlidir.

Komitə sədri əlavə edib ki, layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış şəxslərlə görüşlər keçiriləcək, onların həyat və fəaliyyət təcrübəsi gənclərlə bölüşüləcək. Məqsəd gənclərin inkişafına təkan vermək və cəmiyyət üçün vacib məsələlərə işıq salmaqdır.

Sonda Bahar Muradova vurğulayıb ki, müstəqil və qalib Azərbaycan dövləti ilə fəxr etməklə yanaşı, həm ölkə daxilində vəzifələrin layiqincə yerinə yetirilməsi, həm də dünya azərbaycanlılarının mənəvi və mədəni birliyinin gücləndirilməsi istiqamətində addımlar atılmalıdır.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətində Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi  Xalidə Metenin moderatorluğu ilə panel müzakirə şəklində davam edən tədbirdə ziyalılar öz təcrübələrinə əsaslanaraq bölgə üçün aktual mövzular ətrafında çıxış ediblər, gənclərin suallarını cavablandırıblar. 

Çıxış edən şair, əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu layihədə iştirak etməkdən məmnunluğunu ifadə edərək bildirib ki, artıq ideoloji məsələlər praktik müstəviyə keçirilir və canlı görüşlərə verilən üstünlük insanlara daha böyük motivasiya qazandırır.

O qeyd edib ki, insan daim özünü inkişaf etdirməli, bilik və dünyagörüşünü zənginləşdirməlidir. Süni intellekt texnologiyalarından düzgün və məqsədyönlü istifadənin təşviqi isə gənc nəslin sağlam və müasir çağırışlara uyğun formalaşmasında olduqca vacib amildir.

Cənab Prezidentin Milli Elmlər Akademiyasındakı çıxışına diqqət çəkən B. Vəziroğlu qeyd edib ki, elmin gələcəyi üçün geniş və strateji yol xəritəsinin müəyyən edilməsi Azərbaycanın elmi potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Arif Həşimov bildirib ki, Azərbaycanda işıqlı dünyanın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin uzaqgörənliyi sayəsində ölkəmizdə energetika sistemi qurulmuş, vacib layihələr icra edilmiş və xalqımızın rifahı üçün dayanıqlı enerji təminatı yaradılmışdır. Bu nailiyyətlər həm də mədəni və ictimai həyatımıza verdiyi töhfə ilə böyük əhəmiyyət daşıyır.

Əldə etdiyi uğurlardan və zəngin təcrübəsindən danışan akademik gənclərə daim öz üzərində çalışmağın və biliklərini inkişaf etdirməyin vacibliyini tövsiyə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyev çıxışında şəxsi inkişaf prosesində elmin və mənəvi dəyərlərin vəhdət təşkil etdiyini xüsusi vurğulayıb. O, gənc nəslin sağlam düşüncəli, vətənpərvər və intellektual yetişməsində mütaliənin əvəzsiz əhəmiyyət daşıdığını qeyd edərək, kitab oxumağın dünyagörüşünü genişləndirdiyini və gənclərin düzgün həyat istiqaməti seçməsinə kömək etdiyini diqqətə çatdırıb.

O, həmçinin elm dünyasında uşaqların uğur qazanmasında ailə mühitinin mühüm rol oynadığını bildirib. Xüsusilə anaların övladların tərbiyəsində, onların elmə marağının formalaşmasında və düzgün dəyərlər sistemi ilə yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb.

Çıxışının sonunda Fuad Əliyev gəncləri elmə maraq göstərməyə, daim öyrənməyə və milli-mənəvi dəyərlərə sadiq qalaraq gələcəyin inkişafına töhfə verməyə çağırıb.

Görüş ictimaiyyət tərəfindən maraqla qarşılanıb, uşaqlar və gənclər tərəfindən ünvanlanan suallar ziyalılar tərəfindən ətraflı cavablandırılıb. Səmimi və interaktiv şəraitdə keçən görüşdə iştirakçılar onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb, dəyərli tövsiyələr əldə ediblər. 

Səsləndirilən suallar əsasən şəxsi inkişaf, elm və təhsildə uğur qazanma yolları, mütaliənin rolu, karyera planlaşdırılması, sağlam ailə təməllərinin qurulması, vətənə layiq vətəndaşlar kimi yetişmək, özünü tərbiyə və müasir dövrdə gənclərin qarşılaşdığı çağırışlar kimi mövzuları əhatə edib.

Tədbir bədii hissə ilə davam edib. 

Qeyd edək ki, layihənin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.