Novruz bayramı münasibətilə Bakı şəhərində və regionlarda tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə Novruz bayramı münasibətilə əyləncəli, maarifləndirici tədbirlər, treninq və master-klaslar keçirilib.
Tədbirlərdə yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, uşaqlar, valideynlər, müəllimlər və icma sakinləri iştirak ediblər.
Tədbirlər zamanı iştirakçılara xalqımızın qədim və əziz bayramı olan, baharın gəlişini müjdələyən Novruz barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Novruzun adət-ənənələri dünya mədəni irsinin mühüm tərkib hissəsidir, bu bayram müxtəlif mədəniyyətlər və dinlər arasında sərhəd tanımayan dostluq rəmzidir.
Musiqili-əyləncəli proqramlarla davam edən şənliklərdə uşaqların ifasında müxtəlif səhnəciklər və milli rəqslər nümayiş etdirilib.
Eyni zamanda Mərkəzlərin əməkdaşları bələdiyyələrin və sosial tərəfdaşların dəstəyi ilə Novruz bayramı münasibətilə həssas əhali qrupuna aid edilən ailələrə səfər edib, onlara bayram sovqatı təqdim ediblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi