“Narkomaniyanın reallığı” mövzusunda maarifləndirici görüşlər keçirilib

7 noyabr 2025 20:54

Paylaş:

5–7 noyabr 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Narkomaniyanın reallığı” mövzusunda maarifləndirici görüşlər təşkil olunub. Tədbirlər Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Lənkəran şəhəri, Cəlilabad, Masallı və Astara rayonlarını əhatə edən tədbirlərdə yuxarı sinif şagirdləri, valideynlər və məktəb kollektivləri iştirak edib. Ümumilikdə 25 məktəbdən 800-dən çox iştirakçı görüşlərə qatılıb.

Görüşlər çərçivəsində Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev narkotik vasitələrin yayılmasının qarşısının alınması, mübarizə üsulları və bu vasitələrin uşaq və gənclərin həyatına gətirdiyi zərərlər barədə məlumat verib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Psixoaktiv maddələrdən asılılıq” mövzusunda təqdimatla çıxış edib. O, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirlərindən və onların fəsadlarından danışıb.

Astara rayon Kijəbə qəsəbəsinin 1 saylı kənd məktəbinin direktoru Təbrizə Rəsulova çıxış edərək uşaqları zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Tədbirlərdə videoçarxlar nümayiş etdirilib, mövzuya dair maarifləndirici materiallar paylanılıb və uşaqların sualları cavablandırılıb. Komitənin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin region nümayəndələri isə uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı fikirlərini bölüşüblər.