“Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.
1 iyun 2026-cı il tarixində keçirilən tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib.
Konfransdan öncə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Bununla yanaşı, uşaqların maraq və bacarıqlarının nümayiş etdirilməsi məqsədilə yaradıcılıq, musiqi və “Uşaq tribunası” guşələri təşkil olunub. Tədbirdən əvvəl “Uşaq tribunası” guşəsində uşaqlara öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı yaradılıb.
Konfransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqların hüquq və mənafelərinin qorunmasına diqqətin artırılması, onların rifahı, sağlamlığı, təhsili və təhlükəsiz gələcəyi naminə birgə səylərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaqların rifahının, təhlükəsizliyinin, təhsil və sağlamlıq hüquqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüslərinin bu sahədə mühüm nəticələrə töhfə verdiyini qeyd edib.
Bahar Muradova Dövlət Komitəsinin son bir il ərzində uşaq hüquqlarının müdafiəsi, maarifləndirmə və ictimai iştirakçılığın təşviqi istiqamətində geniş fəaliyyət həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, müxtəlif təlim, seminar, konfrans və layihələr minlərlə uşaq və ailəni əhatə edib.
B. Muradova Dövlət Komitəsinin uğurlu təşəbbüslərindən birinin uşaqların qərarvermə və ictimai iştirakçılıq proseslərinə cəlb olunması olduğunu diqqətə çatdırıb. O, Uşaq Səfirlər Məclisi və Uşaqların İnkişafı Platformasının ölkədə uşaqların səsinin eşidildiyi mühüm iştirak platformalarına çevrildiyini bildirib. Qeyd edib ki, bu təşəbbüslər uşaqların fikir və təkliflərinin nəzərə alınmasına, regionlarda yaşayan uşaqların iştirak imkanlarının genişləndirilməsinə, onların vətəndaş məsuliyyətinin formalaşmasına və sosial fəallığının artırılmasına töhfə verir.
Komitə sədri ötən dövr ərzində təhsil, səhiyyə, sosial müdafiə, inklüziv inkişaf, istedadlı uşaqlarla iş, idman və mədəniyyət sahələrində əldə olunan nəticələrdən bəhs edib. Uşaqların ailə mühitində böyüməsinin təmin olunması, erkən evliliklərin qarşısının alınması, kibertəhlükəsizlik sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Uşaq hüquqlarının qorunmasının yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu diqqətə çatdıran B. Muradova, bu sahədə fəaliyyət göstərən bütün tərəfdaş qurumların, mütəxəssislərin, media nümayəndələrinin və valideynlərin rolunu yüksək qiymətləndirib.
Çıxışının sonunda Komitə sədri uşaqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bütün tərəfdaş qurumlara, müəllimlərə, həkimlərə, sosial işçilərə, hüquq-mühafizə orqanlarına, media nümayəndələrinə, qeyri-hökumət təşkilatlarına və valideynlərə təşəkkürünü ifadə edib, bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.
Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub. Hesabatlarda ötən dövr ərzində həyata keçirilən layihələr, maarifləndirici tədbirlər, sosial təşəbbüslər və uşaqların inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2020-ci ildə fəaliyyətə 15 iştirakçı ilə başlayan Məclis hazırda ölkə üzrə 6 mindən çox uşağı öz ətrafında birləşdirir.
Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib. “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov platforma çərçivəsində il ərzində həyata keçirilən layihələr, uşaqların və gənclərin inkişafı, iştirakçılığının təşviqi və onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib. “Uşaq iştirakçılığı”, “Uşaqların zərərli informasiyadan qorunması”, “18 yaşadək əlilliyi olan şəxslərin inkişafı və cəmiyyətə inteqrasiyası”, “Uşaqlar arasında davranış və ünsiyyət qaydaları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında çıxış edən Məclis üzvləri öz fikir və təkliflərini iştirakçılarla bölüşüblər.
Daha sonra “100 uşağın səsi” interaktiv stendində iştirakçı uşaqlar tərəfindən qeyd edilən fikir, arzu və təkliflər ümumiləşdirilərək səsləndirilib. Bildirilib ki, əsas məqsəd hər bir uşağın səsinin eşidilməsi və onların cəmiyyət həyatında fəal iştirakının təşviq edilməsidir.
Bahar Muradova yekun nitqi ilə çıxış edərək, uşaqların fikir və təkliflərinə münasibət bildirib. Uşaqların inkişafında və nəsillərarası münasibətlərin güclənməsində ünsiyyətin əhəmiyyətindən danışan sədr, inklüziv, praktik və interaktiv təhsil metodlarının, eləcə də asudə vaxt imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin milli kimliyin formalaşmasındakı əvəzsiz roluna diqqət çəkərək, uşaqlara sülhün və əmin-amanlığın hökm sürdüyü bir dünyada yaşamağı arzu edib.
Sonda xatirə fotosu çəkdirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi