Memarlıqda qadın iştirakçılığının təbliği mövzusunda konfrans öz işinə başlayıb

23 aprel 2026 20:15

Paylaş:

23 aprel 2026-cı il tarixində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransın açılış mərasimi keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Memarlar İttifaqının tərəfdaşlığı ilə baş tutub.

Tədbirdən öncə təşkil edilən qadın memarların əsərlərindən ibarət sərgi maraqla qarşılanıb.

Kofransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və açılış nitqləri dinlənilib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan olunmasının dövlətin bu sahəyə verdiyi önəmin göstəricisi olduğunu bildirib. Qeyd edib ki, müasir dövrdə şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil, milli inkişafı, sosial ədaləti və təhlükəsizliyi təmin edən əsas strateji istiqamətlərdən biridir. O, 13-cü Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum 13 - WUF13) ölkəmizdə keçirilməsinin strateji əhəmiyyətinə diqqət çəkərək, bu tədbirin Azərbaycanın qlobal urban gündəliyində mövqeyini daha da gücləndirəcəyini vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərinin Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdiyini, bu quruculuq prosesində qadınların da fəal iştirakının vacibliyini qeyd edib.

B.Muradova, eyni zamanda UN-Habitat ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri xatırladıb, qadınların şəhərsalma və layihələndirmə proseslərində iştirakının daha funksional, təhlükəsiz və inklüziv mühitlərin formalaşmasına, şəhərlərin insan yönümlü inkişafına xidmət etdiyini qeyd edib.

Dövlət Komitəsinin sədri, Azərbaycanda bu sahədə öncül qadınları xatırlayaraq, hazırda qadınların ölkənin ictimai və iqtisadi həyatda rolunun ildən-ilə gücləndiyini diqqətə çatdırıb. Əlavə edib ki, memarlıq sahəsində gender balansı digər texniki sahələrlə müqayisədə müsbət olsa da, əmək bazarında müəyyən uyğunsuzluqlar qalmaqdadır. O, qadınların irimiqyaslı tikinti və şəhərsalma layihələrində iştiraklarının nisbətən az olduğunu və bu istiqamətdə stereotiplərin aradan qaldırılması, qadınların qərarvermə, liderlik mövqelərində təmsilçiliyinin artırılmasının əsas prioritetlərdən olduğunu qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, tədbirin Azərbaycan memarlığında qadınların rolunun geniş ictimai müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını və bu sahədə yeni təşəbbüslərə təkan verdiyini deyib.

İ.İsbatov, tarixən daha çox kişilərin üstünlük təşkil etdiyi memarlıq sahəsində son onilliklərdə qadınların fəallığının əhəmiyyətli dərəcədə artaraq, həm dünya, həm də Azərbaycan miqyasında dəyərli memarlıq nümunələri yaradan qadın memarların yetişdiyini bildirib. O, milli memarlıq məktəbinin inkişafında, elmi-tədris mühitinin formalaşmasında və müasir layihələrin həyata keçirilməsində qadın memarların rolunun getdikcə gücləndiyini vurğulayıb.

Əlavə edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və beynəlxalq təcrübəyə malik gənc mütəxəssislərin fəal iştirakı qadın memarların potensialının daha geniş şəkildə reallaşmasına imkan yaradır və Azərbaycanın memarlıq sahəsində davamlı inkişafına mühüm töhfə verir.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxışı zamanı memarlıq sahəsində qadınların sayında müşahidə olunan artımı müsbət tendensiya kimi qiymətləndirib. O, qadınlara həsr olunmuş tarixi memarlıq abidələrindən bəhs edərək qeyd edib ki, bu nümunələr Azərbaycan cəmiyyətində tarixən qadına göstərilən yüksək ehtiramın göstəricisidir. E.Qasımzadə, eyni zamanda qadınların memarlıq sahəsində rolu və yerindən danışaraq vurğulayıb ki, qadın memarlar şəhər mühitinin formalaşdırılmasında estetik zövqü, funksionallıq və insan amilinə həssas yanaşmaları ilə seçilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev çıxışında qadınların memarlıq və şəhərsalma sahəsində rolunun artırılmasının vacibliyini vurğulayıb, bu kimi platformaların inklüziv və balanslı qərarların qəbuluna töhfə verdiyini bildirib. O qeyd edib ki, Azərbaycanda qadınların iqtisadi fəallığı artmaqdadır və onların sahibkarlıq fəaliyyəti məşğulluq və biznes mühitinə müsbət təsir göstərir.

R.Atakişiyev, qadın sahibkarların qarşılaşdığı əsas çətinliklərin aradan qaldırılması üçün KOBİA tərəfindən müxtəlif təlim, qrant layihələrinin, bazara çıxış və beynəlxalq təcrübə imkanlarının təqdim olunduğunu qeyd edib, həyata keçirilən layihələrin qadınların iqtisadi güclənməsinə və şəhər mühitində daha aktiv iştirakına şərait yaratdığını diqqətə çatdırıb.

Rəsmi açılışdan sonra konfrans işinə başlayıb.

Qeyd edək ki, konfrans çərçivəsində “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” və “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” mövzularında iki panel müzakirəsi təşkil edilib.