Məktəb psixoloqlarının məişət zorakılığı və onun qarşısının alınması sahəsində maarifləndirilməsi məqsədilə təlim keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan təlimdə Xəzər rayonu ərazisində yerləşən məktəblərin psixoloqları iştirak edib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Lalə Əhmədova tədbir iştirakçılarını salamlayaraq, məişət zorakılığı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev məişət zorakılığı hallarının aşkar olunması və dərhal müdaxilə edilməsi sahəsində tövsiyələrini diqqətə çatdırıb.
Təlimdə Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun əməkdaşı İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi”, BDU-nun psixologiya kafedrasının müəllimi, psixoloq Emiliya İgidova “Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası” və BDU-nun psixologiya kafedrasının müəllimi, psixoloq Ülkər Qurbanova “Məişət zorakılığına məruz qalmış şagirdlərlə məktəb psixoloqunun iş taktikası” mövzusunda təqdimatla çıxış ediblər.
Sual-cavab sessiyası ilə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.