Məişət zorakılığının qarşısının alınmasına dair qanunvericiliyə dəyişikliklər edilib

18 aprel 2024 12:53

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmini məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması, məişət zorakılığından zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi barədə təklifləri özündə əks etdirən normativ hüquqi akt layihələri hazırlanmışdır.
Hazırlanmış hüquqi akt layihələrindən 2 qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 23 fevral 2024-cü il tarixli iclasında qəbul olunmuş, 15 aprel 2024-cü il tarixində isə sözügedən qanunlar - “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və onların tətbiqi barədə fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır.
Ümumən 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişikliklər edilmişdir.
Sözügedən dəyişikliklər aşağıdakı məsələləri əhatə edir:
1.“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respub-likasının Qanununun əhatə etdiyi subyektlərin dairəsi genişləndirilmişdir.
“Məişət zorakılığının qarşısının alınması haqqında” AR Qanununun əvvəlki redaksiyasında nəzərdə tutulmuş yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara şamil olunurdu. Təcrübə göstərirdi ki, sözügedən subyektlərin dairəsinin genişləndirilməsinə ehtiyac vardı. Bu məqsədlə Qanunun şamil edildiyi şəxslər dairəsinə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunmuşdur.
“Yaxın” sözünün qanunun preambulasından və müxtəlif maddələrindən çıxarılması və “ərin və arvadın yaxın qohumları” nın əlavə olunması ilə qohum olan lakin yaxın qohum sayılmayan şəxslər tərəfindən törədilən məişət zorakılığı halları da Qanunun təsir dairəsindən kənarda qalmayacaqdır.
2. Zərər çəkmiş şəxsin zorakılığı törədən şəxslə barışığa sövq edilməsi aktuallığını itirəcək.
Ekspertlər tərəfindən qeyd edilən sahə ilə bağlı qanunvericiliyimizin təhlilləri aparılmış,qurbanla zorakılıq törədənin barışdırılması məsələsinə mənfi rəylər bildirilmiş-dir.Bundan əlavə, son dövrlər baş verən məişət zorakılığı hallarına (bəziləri qətllə nəticələnən) əsaslanan təcrübə göstərir ki, məişət zorakılığı ilə bağlı araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına kömək göstərilməsi və ailədə münasibətlərin bərpa olunması sonradan daha böyük problemlərə yol açır. Əksər hallarda məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən orqanlar tərəfindən zərər çəkmiş şəxsin zorakılığı törədən şəxslə barışdırılması sonradan qurbanın həyatının itirilməsi ilə nəticələnir.Məhz bu cür mənfi halların qarşısının alınması üçün Qanunun 7.0.4–cü və 8.0.8-ci maddələrindən “ailədə münasibətlərin bərpa olunmasına” sözləri çıxarılmışdır.
Bu dəyişiklik ilə münasibətlərin bərpa olunması üçün tərəflər barışığa sövq edilməyəcək və müraciətin daha obyektiv araşdırılması mümkün olacaqdır.
3.Yetkinlik yaşına çatmayan məişət zorakılığından zərər çəkmiş şəxslərin hü-quqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olduqda onlar təcili valideynlərindən və ya onları əvəz edən şəxslərdən alınacaq.
Belə ki, uşaq hüquqlarının müdafiəsi istənilən sahədə əsas prioritet olduğundan məişət zorakılığından zərər çəkmiş ən həssas şəxslər kateqoriyasından biri kimi məişət zorakılığlığından zərər çəkmiş yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi qanunvericinin diqqətindən kənarda qalmamış, 8.0.7-ci maddəyə AR Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, yəni uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda onun valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması sözləri əlavə edilərək, aidiyyəti qurumlar üzərinə yeni vəzifə qoyulmuşdur.
Bununla da, uşaq hüquqlarına hər kəs, xüsusən də onların yaxın ətrafı tərəfindən dəqiq və dönmədən əməl olunmasına, gizli qala biləcək zorakılıq faktlarının aşkara çıxarılmasına nail olunacaqdır.
4. Qısamüddətli mühafizə orderlərinin təqdim olunması qaydasında əsaslı dəyişikliklər edilmişdir.
Müvafiq Qanunun əvvəlki redaksiyasında məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi dispozitiv şəkildə əks olunmuşdu. Yəni yazılı xəbərdarlığın edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi tamamilə orqanın mülahizəsinə buraxılmışdı. Lakin əvvəlki redaksiyadan fərqli olaraq, qanunun yeni qəbul olunmuş redaksiyasında müvafiq normada dəyişiklik olunaraq məişət zorakılığı ilə bağlı müraciət daxil olduqda məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi imperativ şəkildə tənzimlənir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslərin üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutan 158.4-cü maddə əlavə olunmuşdur. Belə xətanın aşkarlanması və inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcəkdir.
Mövcud məsələ üzrə normaya imperativ ruhun gəlməsi və prokuror nəzarətinin nəzərdə tutulması məişət zorakılığı ilə bağlı müraciətlərin daha obyektiv və operativ araşdırılmasına kömək edəcəkdir.
Dəyişikliklərdən digəri artıq qısamüddətli mühafizə orderinin 30 gün deyil, 60 gün üçün verilməsidir. Təcrübədə müddətin 30 gün olması məişət zorakılığından zərər çəkmiş şəxsə əksər hallarda müvafiq dövlət orqanlarına müraciət etməyin əhəmiyyətsizliyi kimi (müddətin az olması ilə əlaqədar) görünürdü. Hazırkı dəyişiklik ilə qısamüddətli mühafizə orderinin müddətinin uzadılması və bu barədə qərar qəbul olunmasının vacibliyi məişət zorakılığı ilə mübarizədə effektli metod olacağı şübhə doğurmur.
5. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin təkrar pozulması yeni inzibati xəta tərkibi yaradacaqdır.
İnzibati tənbeh aldıqdan sonra müvafiq hüquq pozuntusu törətmiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 (bir) il ərzində təkrar törədilməsi hüquqa zidd əməl kimi İnzibati Xətalar Məcəlləsində 158-ci maddəyə əlavə olunmuşdur.
6.Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına pulsuz hüquqi yardım göstəriləcəkdir.
Qanunda əksini tapan və insan hüquqlarının dövlət müdafiəsi baxımdan olduqca mütərəqqi digər addım isə məişət zorakılığından zərər çəkmiş şəxsə dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsidir. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa cinayət prosesində vəkilin iştirakınının təmin edilməsi ilə bağlı müvafiq müddəalar əlavə edilmişdir. Belə ki, edilən yeni dəyişikliklərə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsələrə də cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlar kimi dövlət hesabına pulsuz hüquqi yardımdan istifadə etmək hüququ verilmişdir. Bundan əlavə, AR-nın Cinayət prosessual Məcəlləsinə olunmuş dəyişikliyə əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə göstərilən pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcəkdir.
7. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qurumlararası əlaqələndirmə mexanizmi yaradılacaq.
Yeni müddəalar Qanuna daxil edilənə qədər qanunvericilikdə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin əlaqələndirilməsi mexanizmi nəzərdə tutulmamışdı. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015) 3.5.2.1-ci bəndininn icrası məqsədi ilə yerlərdə yerli icra hakimiyyəti başçılarının sərəncamları ilə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları” yaradılmışdır. Lakin onların fəaliyyətini tənzimləyən vahid hüquq normaları mövcud deyildi.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunarkən ən mühüm məsələdən biri də məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması idi. Çünki spesifik sahə olması baxımından təcrübəli və ixtisaslaşmış mərkəzi və yerli səviyyədə əlaqələndirici qurumların formalaşdırılması mühüm əhəmiyyət kəsb edirdi.
Qanuna məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qruplarının yaradılmasını özündə ehtiva edən 19-1-ci maddə əlavə edilmişdir.
Hazırda qüvvəyə minmiş yeni dəyişikliklərlə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarına məişət zorakılığının qarşısının alınması üzrə Qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etmək səlahiyyəti həvalə olunmuşdur.
Monitorinq və əlaqələndirmə qrupları mərkəzi səviyyədə AQUPDK yanında, yerli səviyyədə isə yerli icra hakimiyyəti orqanları yanında formalaşdırılacaqdır. Bununla da məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılacaqdır.Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. AQUPDK yerli monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərəcəkdir.
Bütün sadalanan dəyişikliklər məişət zorakılığı ilə mübarizəyə, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, baş vermiş halların obyektiv araşdırılmasına əvəzsiz töhfələr verəcəkdir.