Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib

9 dekabr 2024 14:42

Paylaş:

5 dekabr 2024-cü il tarixində Lerik rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəran Şəhər İcra Hakimiyyəti, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Lerik Rayon İcra Hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib.

 Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibdir. O, məsul şəxslərin Qanuna edilən dəyişikliklərlə tanış olmalarının dəyişikliklərin məişət zorakılığı ilə mübarizə sahəsində effektiv təsir edəcəyini bildirib.

Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova tərəfindən Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili haqqında məlumat verilib, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verilib.

Təlimdə Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun əməkdaşı Rahil Süleymanzadə tərəfindən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanuna edilən yeni düzəlişlər mövzusunda təqdimat edilib.

 Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib.

 Sonda iştirakçılara “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı maarifləndirici bukletlər təqdim edilib.

 Qeyd edək ki, məişət zorakılığının qarşısının alınması mövzusunda təlimlər davamlı olaraq, Balakən, Ağstafa və Xızı Rayon İcra Hakimiyyətlərində də keçiriləcək.