Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclası keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun 2026-cı ilin üçüncü rübünün yekununa dair iclası keçirilib.
İclası monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açaraq gündəlikdə duran məsələlərin əhəmiyyətini diqqətə çatdırıb.
Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması və üç aylıq hesabat iclasın gündəliyində duran əsas məsələlərdən olub.
İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndəsi, o cümlədən Sumqayıt Şəhər, Pirallahı Rayon və Xəzər Rayon İcra Hakimiyyəti başçılarının müavinləri, yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri iştirak edib.
Həmçinin Daxili İşlər Nazirliyinin məişət zorakılığı ilə mübarizə sahəsində görülən işlər barədə üç aylıq hesabatı və yerli monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin rayon üzrə hesabatları təqdim edilib.
İclasın sonunda müzakirələr aparılıb, zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi təklif edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi