Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təşkil edilən təlimlər yekunlaşıb

29 iyun 2026 17:51

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şəhər və rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları (MƏQ) üçün regionlarda təşkil etdiyi silsilə təlimlər 24 iyun 2026-cı il tarixində yekunlaşıb.

İmişli rayonunda keçirilən son təlimdə İmişli, Beyləqan, Saatlı, Sabirabad, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən monitorinq və əlaqələndirmə qruplarının üzvləri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüfət Muradov rayonda məişət zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətində qanunvericiliyin rəhbər tutulmasının, münaqişəli və risk qrupuna daxil olan ailələrlə sistemli iş aparılmasının vacibliyindən danışıb. O, zorakılıq mühitində böyüyən uşaqların vaxtında müəyyən olunması və reabilitasiyaya cəlb edilməsində təhsil müəssisələrinin, eləcə də yerli özünüidarəetmə orqanlarının rolunu qeyd edib, məişət zorakılığı törədən şəxslərlə profilaktik və tərbiyəvi işlərin aparılmasının əhəmiyyətinə diqqət çəkib.

Təlim çərçivəsində Dövlət Komitəsinin nümayəndələri Vəfa Ələkbərova  və İradə Məmmədova çıxış edərək Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili əsasında mövcud nöqsanların aradan qaldırılması və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər barədə iştirakçıları məlumatlandırıblar.

Yekun Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib, iştirakçılara məlumatlandırıcı bukletlər təqdim olunub.

Qeyd edək ki, təlimlər daha öncə Göygöl rayonu (Naftalan, Gəncə Şəhər İcra Hakimiyyətləri,Daşkəsən, Goranboy, Samux və Göygöl Rayon İcra Hakimiyyətləri), Qusar rayonu (Qusar, Xızı, Quba, Xaçmaz, Şabran, Siyəzən) və Şəki şəhərində (Şəki şəhər, Qax, Oğuz, Balakən, Qəbələ, Zaqatala rayonu) keçirilib.