Məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən silsilə təlimlər başa çatıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şəhər və rayon icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları (MƏQ) üçün təşkil etdiyi məişət zorakılığının qarşısının alınması mövzusunda keçirilən silsilə təlimlər başa çatıb.
Yekun təlim 19 dekabr 2025-ci il tarixində Şirvan şəhərində Saatlı, Sabirabad, Salyan, İmişli, Hacıqabul, Neftçala Rayon İcra Hakimiyyətlərində və Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış müvafiq monitorinq və əlaqələndirmə qruplarının üzvlərinin iştirakı ilə keçirilib.
Şirvan şəhər icra hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva tədbir iştirakçılarını salamlayaraq, Şirvan şəhərində məişət zorakılığı ilə mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış MƏQ-lərin fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutması vacibdir. O həmçinin bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, rayon üzrə qeydə alınmış münaqişəli ailələrlə işin aparılması, risk qrupuna aid olan ailələrin aşkar edilməsi, sistemli fəaliyyət və xüsusilə bələdiyyələrin rolunun əhəmiyyətini diqqətə çatdırıb.
Komitənin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlilini, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı bağlı təlim iştirakçılarına tövsiyələr verib.
Daha sonra Dövlət Komitəsinin əməkdaşı İradə Məmmədova çıxış edib. O, Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlər mövzusunda təqdimatla çıxış edib, yeni dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.
Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib, sonda iştirakçılara bukletlər təqdim edilib.
Qeyd edək ki, təlimlər daha öncə Yardımlı (Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Lerik), Suraxanı (Bakı şəhəri üzrə bütün rayonlar və Abşeron rayonu, Sumqayıt şəhəri) və Tovuz (Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz) rayonlarında da keçirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi