“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib
Paylaş:
10 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən məktəblərin psixoloqları üçün məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi və belə halların qarşısının alınmasına dair seminar keçirilib.
Tədbirdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi, yerli icra hakimiyyəti yanında yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Pənah İmanov və Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova açılış nitqi ilə çıxış edərək mövzunun aktuallığından danışıblar.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Səfərova məktəb psixoloqlarına məişət zorakılığı hallarının vaxtında aşkar edilməsi və operativ müdaxilə ilə bağlı məktəb psixoloqlarına tövsiyələr verib.
Seminarda Dövlət Komitəsinin əməkdaşı İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi” barədə, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqları Nigar Əsgərova, Nərmin Abbasova və Aysel Novruzova isə ”Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası”, “Uşaqlara qarşı zorakılığın diaqnostikası və fəsadları”, “Məktəbdə görünməyən travmalar: məktəb psixoloqunun rolu və müdaxilə imkanları” ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda məktəbin direktoru Fəzail Məmmədov iştirakçılara təşəkkür edib və belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi