Lənkəran şəhərində qızlar arasında şahmat turniri və ustad dərsləri keçirilib

11 sentyabr 2024 16:25

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə 10 sentyabr 2024-cü il tarixində Lənkəran şəhərində Lerik, Masallı, Yardımlı, Cəlilabad, Astara rayonlarından olan qızlar arasında (200 nəfər olmaqla) şahmat üzrə turnir və ustad dərsləri keçirilib.

Şahmat üzrə Azərbaycanın beynəlxalq qrossmeysterləri Aynur Sofiyeva və Zeynəb Məmmədyarovanın iştirakı ilə keçirilən tədbirin təşkil edilməsinə məqsəd qızlar arasında idmanın intellektual növünə marağın təşviqi, onlarda analitik düşünmə qabiliyyətinin formalaşdırılmasıdır.

Turnirin bağlanış mərasimində çıxış edən Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva təşkilatçılara təşəkkürünü bildirərək, Lənkəranda qızlar arasında belə bir şahmat turnirinin keçirilməsini yüksək qiymətləndirib. O, iştirakçıların gələcək yarışmalarda çempion şahmatçı adını almalarını, Azərbaycanı dünya arenasında uğurla təmsil etmələrini arzulayıb.

Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva iştirakçıları təbrik edərək, bildirib ki, şahmat taxtası arxasında olmaq özü bir uğurdur. Çünki şahmat mübarizə, düşüncə, analiz tələb edir: “Bu gün çəkdiyiniz əziyyət, hiss etdiyiniz yorğunluq sizin qələbəyə gedən yolunuzun təməlini möhkəmləndirir” - deyə o əlavə edib.

Azərbaycanda gənclər üçün gözəl imkanların yaradıldığını vurğulayan A. Sofiyeva qızlara çağırış edərək, bu imkanlardan maksimum istifadə etmələrini, yaxşı təhsil almaq və bacarıqlarını inkişaf etdirmələrini tövsiyə edib.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxış edərək, şahmatçı qızları təbrik edib və onlara uğurlar arzu edib. Ənənəvi xarakter daşıyan qızlar arasında şahmat turnirinin artıq 2 ildir ki, müxtəlif bölgələrdə keçirilməsinə diqqət çəkən Z. Məmmədyarova turnirin önəmini qeyd edərək, gələcəkdə də davamlı olacağını bildirib.

Tədbirin davamında qaliblər medal, diplom, hədiyyələrlə mükafatlandırılıb. Hər bir iştirakçıya sertifikat və şahmat hədiyyə edilib.

Yekunda şahmatçılar Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova şahmat taxtası arxasında qızlarla şahmat oynayaraq, təcrübə və tövsiyələrini bölüşüblər.