Laçında iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu müzakirə edilib

3 iyul 2025 09:25

Paylaş:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu çərçivəsində panellərdən biri iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu mövzusuna həsr olunub.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilmiş bu paneldə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan Respublikasının Parlamentinin üzvü, Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyanın üzvü Juldız Süleymenova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və İƏT Təhsil İnstitutunun rəhbəri professor Mehmet Akif Kireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin nümayəndəsi Mihaela İonesku və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərəc Hüseynbəyov iştirak ediblər.

Sessiyada İƏT üzv dövlətlərində qızlar və qadınlar üçün təhsil imkanlarının təşviq edilməsi və genişlənən əmək bazarında yaşıl bacarıqların əldə edilməsində qadınlara dəstək ola biləcək strategiyalardan danışılıb.

Çıxış edənlər qadınların və qızların səlahiyyətləndirilməsinin iqlimə iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq üçün əsas şərt olduğunu qeyd ediblər. Vurğulanıb ki, bunun üçün qadınların təhsilə, maliyyə resurslarına və qərar qəbul etmə proseslərinə bərabər çıxışını təmin edən sistemli islahatlara ehtiyac vardır. Bildirilib ki, BMT-nin “Gələcək üçün Paktı”, COP29-un nəticələri və BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransının məqsədləri, inklüziv iqlim siyasətlərinin təşviqi, inklüziv maliyyə mexanizmlərinin qurulması və transformativ təhsilin daha geniş tətbiqi üçün mühüm zəmin yaradır.

Panelin sonunda İƏT regionunda bütün qadın və qızların öyrənmək, liderlik etmək və iqlim dəyişikliyinə qarşı dayanıqlı bir gələcək formalaşdırmaq imkanına malik olmaları üçün üzv dövlətlər, beynəlxalq təşkilatlar, inkişaf bankları, akademik qurumlar və vətəndaş cəmiyyətinə birgə fəaliyyətlərini davam etdirilməsi ilə bağlı çağırış edilib.