Kürdəmirdə məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24 may 2024-cü il tarixində Kürdəmir rayonu Peşə Liseyində tələbələr üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib.
Təlimin məqsədi tələbələrin məişət zorakılığı və onun qarşısının alınması sahəsində məlumatlandırılması və maariflənməsidir.
Kürdəmir Peşə Liseyinin direktoru tədbir iştirakçılarını salamlayaraq, peşə liseyinin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrə toxunaraq, bu sahədə gənclərin məlumatlı olmasının vacibliyini diqqətə çatdırıb.
Təlimdə Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorunun baş məsləhətçisi Rahil Süleymanzadə tərəfindən “Azərbaycanda məişət zorakılığı və onun qarşısının alınması sahəsində görülən tədbirlər” mövzusunda təqdimat nümayiş etdirilib.
Təlim sual-cavab sessiyası ilə davam edib və iştirakçılara “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər təqdim edilib.
Məişət zorakılığının qarşısının alınması mövzusunda təlimlərin davamlı olaraq Bərdə, Şamaxı, Gədəbəy və Sumqayıt Peşə Liseylərində də keçirilməsi nəzərdə tutulub.