“Korrupsiya uşaqların gözü ilə” mövzusunda maarifləndirici təlim keçirilib

9 oktyabr 2026 15:04

Paylaş:

9 oktyabr 2026-cı il tarixində Bakı şəhəri 117 nömrəli tam orta məktəbin VIII–X sinif şagirdləri üçün “Korrupsiya uşaqların gözü ilə” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin ilk hissəsində ekspert qismində çıxış edən Ruhəngiz Hüseynova korrupsiyanın mahiyyəti, yaranma səbəbləri, cəmiyyətə mənfi təsirləri və korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxış edərək təhsildə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın təmin olunması və bu sahədə normativ-hüquqi aktların tələblərinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb.

İnteraktiv müzakirə formatında keçirilən təlim zamanı maarifləndirici videoçarx nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir və mülahizələri dinlənilib.

Qeyd edək ki, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi, şagirdlərin hüquqi biliklərinin artırılması məqsədilə təşkil olunub.