İşğaldan azad edilmiş ərazilərdə süni intellekt mövzusunda seminar keçirilib

6 mart 2026 14:51

Paylaş:

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə martın 5-də Ağdam şəhərində “Süni intellekt savadlılığı” proqramı çərçivəsində qadınların iştirakı ilə interaktiv seminar keçirilib.

Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhalinin müasir informasiya-kommunikasiya texnologiyalarına adaptasiyasını təmin etmək, müxtəlif əhali qruplarının rəqəmsal savadlılığını artırmaq və sakinləri yeni nəsil texnologiyaları, xüsusən də süni intellekt barədə məlumatlandırmaqdır.

AQUPDK-nın nümayəndəsi Zülfiyyə Sadıq Dövlət Komitəsi tərəfindən  işğaldan azad edilmiş ərazilərə geri qayıdan ailələrlə aparılan psixososial işin əhəmiyyətindən,  bu sahədə həyata keçirilən layihələrdən bəhs edib. Z. Sadıq həmçinin qeyd edib ki, informasiya texnologiyalarından səmərəsiz şəkildə istifadə edilməsi insanların psixikasına, yaşam tərzinə və psixoemosional vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi  Nofəl Əliyev seminarda “Süni intellekt savadlılığı” proqramı haqqında məlumat verib, süni intellektin gündəlik həyatda və iş mühitində tətbiqi imkanlarından və əhəmiyyətindən danışıb. Cıxış zamanı təlimçi bildirib ki, “Süni intellekt savadlılığı” proqramı insanların süni intellekti yalnız texniki terminlər toplusu kimi deyil, gündəlik həyat və iş mühitində praktik tətbiq oluna bilən alət kimi dərk etməsini təmin etmək məqsədilə hazırlanıb. N.Əliyev həmçinin qeyd edib ki, proqram çərçivəsində Bakı şəhəri və regionlarda 3000 nəfərdən çox iştirakçı təlimlərdə iştirak edərək suni intellekti öz gündəlik həyat və fəaliyyətində səmərəli şəkildə tətbiq etmək bacarıqlarını inkişaf etdiriblər.

Sonda iştirakçıların sualları cavablandırıb.