İşğaldan azad edilmiş ərazilərdə interaktiv təlimlər təşkil edilib  

2 iyul 2026 15:14

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhali ilə psixososial işin aparılması istiqamətində tədbirlərin davamı olaraq valideyn və uşaqlara interaktiv təlimlər keçilib.

Təlimlər Dövlət Komitəsinin tabeliyində olan Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları – psixoloqlar Günay Qarayeva və Aytac Əliyeva, sosial iş üzrə mütəxəssislər Hacıağa Nəbiyev və Mirkazım Mirzəyev tərəfindən 30 iyun-02 iyul tarixlərində keçirilib. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə tam orta ümumtəhsil məktəbi, Xocavənd şəhər məktəbi, Xankəndi şəhəri 4 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlər iştirakçıların yeni mühitə uyğunlaşmasına, ailədaxili ünsiyyətin gücləndirilməsinə və psixososial rifahın dəstəklənməsinə töhfə verib.

Açılış nitqi ilə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Suqra Cəfərova, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Aytən Bayramova və Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin direktor əvəzi Loğman Məmmədov təlimlərin əhəmiyyətindən danışıblar.

Təlimlər iki istiqaməti əhatə edib. 8-16 yaş arası uşaqlarla keçirilən psixoloji treninqlərin məqsədi yeniyetmələrdə özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, sağlam ünsiyyət vərdişlərinin formalaşdırılması, fəal dinləmə qabiliyyətinin artırılmasına dəstək göstərilməsi olub.

"Valideyn bacarıqlarının artırılması" mövzusunda təlim isə adaptasiya dövründə valideynlərin ailədaxili münasibətlərdə assertiv (özünəəmin) ünsiyyət modelinin inkişaf etdirilməsi, uşaqların görünməyən psixoloji və emosional ehtiyaclarının qarşılanması, fəal dinləmə qabiliyyətinin artırılması, eləcə də konfliktlərin konstruktiv şəkildə idarə olunmasına psixososial dəstək göstərilməsini hədəfləyib.

Ümumilikdə 241 nəfərin iştirak etdiyi təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.