İngiltərənin Vestminister və Esseks Universitetinin təşkilatçılığı ilə onlayn tədbir keçirildi
Paylaş:
5 mart 2024-cü il tarixində İngiltərənin Vestminister və Esseks Universitetinin təşkilatçılığı ilə “Dayanıqlı inkişafda qadınların rolu: iqlim dəyişikliyinə gender yönümlü yanaşma” mövzusunda onlayn tədbir keçirilib.
Esseks Universitetinin aspirantı Fərid Ədilovun moderatorluğu ilə baş tutan tədbirdə çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva hər kəsi salamlayıb. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olduğuna diqqət çəkən C.Rəhmətullayeva, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və ekoloji iqlim dəyişikliklərinə gender aspektindən yanaşma baxımından bu ilin vacib olacağını vurğulayıb.
O, həmçinin il çərçivəsində bir çox layihə və konfransların, xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priotitetlər içərisində 5 vacib istiqamətdən biri də təmiz ətraf mühit və yaşıl ölkəyə çevrilmək məqsədidir.
Qısa müddət öncə Komitə tərəfindən müvafiq il çərçivəsində keçirilən “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfransa diqqət çəkən aparat rəhbəri, bu sahədə siyasi partiyalar, qeyri-hökumət təşkilatları, özəl sektor, və icma nümayəndələri ilə birgə fəaliyyətin önəmli olduğunu və sosial koorperativ məsuliyyət layihələrinin geniş şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Komitə rəsmisi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur və ekoloji mühitin bərpasının vacib olduğunu, bu sahədə dövlət səviyyəsində tədbirlər planının həyata keçirildiyini qeyd edərək, bu ərazilərdə yeni, müasir, ağıllı şəhər və ağılı kənd, layihələrinin həyata keçirildiyini qeyd edib.
Bütün bunlarla yanaşı işğaldan azad olunan torpaqlarda mina təhlükəsizliyi probleminin hələdə qalmaqda davam etdiyini və ekoloji mühitin pozulduğunu qeyd edən C.Rəhmətullayeva, bu prosesə qadınların da könüllü və aktiv şəkildə cəlb olunduğunu əlavə edib.
O, işğal altında olduğu 30 il ərzində bu ərazilərin ekoloji mühitinin və torpaq qatının məhv edildiyini qeyd edib, həmçinin bu sahədə fəaliyyət üçün bütün proseslərdə bərabər iştirakın vacibliyini bildirib.
Tədbir BMT-nin CEDAW Komitəsinin üzvü, Dr. Elgün Səfərov və İngiltərənin Vestminister Universitetinin doktoru Yemisi Sloanenin çıxışları ilə davam edib.