İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının növbəti iclası keçirilib
Paylaş:
20 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
İclası açan Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının sədri Aynur Sofiyeva “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar gündəlikdə duran məsələləri diqqətə çatdırıb. A.Sofiyeva müvafiq qanunvericiliyin tətbiqi zamanı meydana çıxan və çətinlik yaradan məqamları qeyd edib, bu istiqamətdə tədbirlərin gücləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanaraq rəylərin alınması üçün aidiyyəti qurumlara göndərildiyini və bu istiqamətdə işin yekunlaşmaq üzrə olduğunu vurğulayıb.
Ekspert Şurasının üzvləri Qanunun icrası ilə bağlı təmsil etdikləri qurumlar tərəfindən 2024-cü il üzrə həyata keçirilmiş tədbirləri diqqətə çatdırıblar. Həmçinin informasiya məhsulunun istehsalçıları, yayıcıları və ekspert təşkilatlarının bu mövzuda maarifləndirilməsi istiqamətində, eləcə də növbəti ildə nəzərdə tutulan digər tədbirlərlə bağlı təkliflər müzakirə edilib.
Görüşdə Komitənin əməkdaşları Seymur Məmmədov, Könül Tağızadə, Audiovizual Şuranın nümayəndəsi Ayxan Sadıqlı, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Selcan Ağasərkari iştirak ediblər