İnformasiya məhsullarının istehsalçıları və yayıcıları üçün XƏBƏRDARLIQ

30 dekabr 2025 11:29

Paylaş:

İnformasiya məhsullarının istehsalçıları və yayıcılarının nəzərinə çatdırırıq ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. İnformasiya məhsulunun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən müstəqil şəkildə və ya Qanunun 4-cü fəslinə müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir.

İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması həmin Qanuna əsasən hazırlanmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli, 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na uyğun olaraq  aparılır.

Uşaqların ziyarət etməsi və ya olması qadağan olunmayan yerlərdə, o cümlədən uşaqların informasiya məhsullarına girişi mümkün olan ictimai yerlərdə uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının inzibati, texniki proqram vasitələri tətbiq edilmədən yayılmasına yol verilmir.

Eyni zamanda bildiririk ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları AR İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur (fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir).

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 31-5 – 31-11-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar aşkarlandıqda müvafiq qurumlar adından nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən protokol tərtib edilir.

Uşaqların zərərli informasiyadan qorunması məsələsinin əhəmiyyətini nəzərə alaraq, informasiya məhsulu istehsalçıları və yayıcılarından qanunvericiliyin tələblərinə məsuliyyətlə  yanaşmağı, həssas olmağı xahiş edirik.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrasında ictimai nəzarətin önəmini vurğulayaraq, hər kəsi bu istiqamətdə aparılan dövlət siyasətinə töhfə verməyə çağırırıq.

Uşaqları zərərli informasiyadan qoruyaq!

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Maddə 388-2. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması