İndoneziya ilə qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

18 mart 2026 13:31

Paylaş:

18 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb.

Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanla İndoneziya arasındakı münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O əlavə edib ki, oxşar adət və etiqada sahib olmağımız gündəlik həyatda olduğu kimi, dövlətlərarası münasibətlərdə də özünü göstərir.   

Hazırda dünya ölkələrinin sürətli transformasiya mərhələsindən keçdiyini vurğulayan sədr, belə görüşlərin fəaliyyətlərin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparmaq baxımından vacib olduğunu deyib.

Ailə, qadın və uşaq məsələlərinin bütün ölkələr və xalqlar üçün prioritet olduğunu vurğulayan sədr, müvafiq sahələrin insan kapitalının inkişafında mühüm rol oynadığını bildirib. B.Muradova qeyd edib ki, Azərbaycan bu istiqamətləri daim diqqətdə saxlayır, həm müasir dəyişikliklərə uyğunlaşmağa, həm də milli dəyərlərin, köklərin və ənənələrin qorunub saxlanmasına xüsusi önəm verir.

Azərbaycanın müharibədə əldə etdiyi qələbədən sonra ölkədə bütün sahələrə yanaşmada yeni baxış formalaşdığını bildirən Komitə sədri əlavə edib ki, hazırda fəaliyyətimizi zəfərin yaratdığı imkanlardan istifadə etməklə daha sürətli inkişafın təmin olunmasına yönəldirik. O, həmçinin diqqətə çatdırıb ki, Dövlət Komitəsi fəaliyyətinin müxtəlif istiqamətləri üzrə beynəlxalq təşkilatlarla və ikitərəfli formatda əməkdaşlığı davam etdirir. Bu çərçivədə İndoneziya ilə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edən B.Muradova, gələcək perspektivlər və birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi Azərbaycan və İndoneziya arasında mədəni və sosial sahələrdə ortaq dəyərlərin mövcud olduğunu qeyd edərək, qarşılıqlı tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Xüsusilə qadın hüquqlarının qorunması və uşaqların müdafiəsi istiqamətində əməkdaşlıq potensialını vurğulayan səfir bildirib ki, bu sahə İndoneziyanın inkişaf prioritetləri sırasında mühüm yer tutur və hər iki ölkənin mövqeləri beynəlxalq platformalarda, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində üst-üstə düşür.

B. Helmi xalqlar arasında intensiv kommunikasiyanın inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, qadın və uşaq hüquqları sahəsində əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivləri və birgə faydalı təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam edib.