İCESCO-nun “Ümumdünya Uşaq Günü” tədbirində Bahar Muradovanın videomüraciəti nümayiş olunub

17 noyabr 2025 10:37

Paylaş:

17 noyabr 2025-ci il tarixində — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) “Ümumdünya Uşaq Günü” münasibətilə təşkil etdiyi “Məktəb meydançalarından rəqəmsal məkanlara: zorakılıq və təzyiqin qarşısının alınması” mövzusunda beynəlxalq seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova videomüraciətlə çıxış edib.

Seminarda 70-ə yaxın uşaq, eləcə də uşaq hüquqları, təhsil, psixologiya və sosial müdafiə sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edib.

Videomüraciətində Komitə sədri Azərbaycanda uşaqların təhlükəsizliyinin və sağlam inkişaf mühitinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, zorakılıq və bullinq hallarının qarşısının alınması məqsədilə ölkədə geniş institusional və maarifləndirici mexanizmlər fəaliyyət göstərir:

“Azərbaycan uşaqların fiziki və emosional rifahının təmin edilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Uşaq və Ailələrə Dəstək Mərkəzləri, uşaqlara dost mühitin yaradılması layihələri və maarifləndirici kampaniyalar zorakılığın bütün formalarına qarşı sistemli mübarizəni gücləndirir,” — deyə Bahar Muradova qeyd edib.

Tədbir çərçivəsində uşaqların rifahının gücləndirilməsi, həmçinin zorakılığa qarşı dövlət, cəmiyyət və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxışın tam mətni ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: