“Həyatının memarı-Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçirilib

1 may 2026 12:00

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Nizami rayonunda yerləşən 70 və 214 nömrəli tam orta məktəblərdə “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib.

Valideynlər və yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirməsi  və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan görüşlərdə psixoloqlar, müəllim heyəti, valideynlər və şagirdlər iştirak edib.

Görüşlərdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Çıxışçılar valideyn məsuliyətinin, sağlam ailə mühitinin, düzgün tərbiyə və davamlı nəzarətin yeniyetmələrin zərərli vərdişlərdən uzaq böyüməsində mühüm rol oynadığını qeyd ediblər.

Müzakirə formatında davam edən görüşlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici kitabçalar informativ resurs kimi məktəblərin kitabxanasına təqdim olunub.