“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakının 53, 335 və 270 nömrəli tam orta məktəblərində narkomaniya ilə mübarizə məqsədli maarifləndirici görüşlər keçirilib.
Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyatın vacibliyindən danışıblar.
Yuxarı sinif şagirdləri, valideyn və məktəb psixoloqlarının iştirak etdiyi görüşlərdə yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib.
İştirakçıların maraqla dinlədiyi məruzələr ətrafında aparılan müzakirələrdən sonra “Narkomaniya yox edir!” video-çarxı nümayiş etdirilib və çap vəsaitləri paylanılıb.