“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüşlər davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən növbəti görüşlərdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, mövzu haqqında ətraflı danışıb, Dövlət Komitəsi tərəfindən bu istiqamətdə əhali arasında görülən işlər barədə görüş iştirakçılarına məlumat verib.
Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarında yerləşən 284, 90 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri və Azərbaycan Dənizçilik Kollecinin tələbələri ilə keçirilən görüşlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin tələbələri ilə keçirilən görüşdə isə psixoloq Aydan Xasməmmədzadə iştirak edərək, narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzularında, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər. Çıxışlar zamanı yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışlar ətrafında aparılan müzakirələrdən sonra video-çarx nümayiş etdirilib və çap vəsaitləri paylanılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi uşaq və yeniyetmələrin, gənclərin narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər, fəsadlar haqqında maarifləndirilməsi, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının təmin edilməsidir.