Hakimlər üçün məişət zorakılığı sahəsində qanunvericiliyin tətbiqi təcrübəsinə dair təlim keçirilib
Paylaş:
09 oktyabr 2026-cı il tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Məişət zorakılığı sahəsində qanunvericiliyin tətbiqi təcrübəsi” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi məişət zorakılığı sahəsində qanunvericiliyin tətbiqi zamanı mövcud boşluqların aradan qaldırılması, uzunmüddətli mühafizə orderlərinin verilməsi, məişət zorakılığı hallarının araşdırılması zamanı hakimlər tərəfindən görülməli olan tədbirlər, eləcə də Avropa Məhkəməsinin müvafiq sahədə presedent qərarlarının ölkəmizdə tətbiqi təcrübəsinin formalaşdırılması olub.
Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, son illərdə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, qanunvericiliyin icra mexanizmləri və müvafiq məlumat bankı barədə ətraflı məlumat verib.
Daha sonra təlim Vəkillər Kollegiyasının üzvü, Gender və İnkişaf üzrə Dünya Bankının eksperti Xalisə Şahverdiyeva tərəfindən davam etdirilib.
O, məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin rolundan bəhs edib.
Təlim çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna dair qərarları təhlil edilib, iştirakçılar tərəfindən həmin qərarlar əsasında qrup işləri aparılıb.
Təlimdə məişət zorakılığı ilə bağlı işlərə baxılarkən zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, risklərin qiymətləndirilməsi, habelə uzunmüddətli mühafizə orderlərinin verilməsi və tətbiqinin praktiki aspektləri müzakirə edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi