"Güclü Zəriflər" adlı sosial təbliğat məqsədli teatr tamaşası nümayiş olunub

11 iyun 2024 12:17

Paylaş:

10 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Üçüncü Bahar ”Yaşlılara Dəstək İctimai Birliyinin əməkdaşlığı ilə birgə həyata keçirilən “Selektiv abortlarla mübarizə” Kampaniyası çərçivəsində "Güclü Zəriflər" adlı sosial təbliğat məqsədli teatr tamaşası nümayiş olunub.
Müəllifi İlqar Fəhmi, rejissoru Respublikanın əməkdar artisti Nicat Kazımov olan bu tamaşa bir neçə özəlliyi ilə seçilir. Tamaşa dövrümüzün həssas problemlərindən olan cinsi ayrı-seçkilik, selektiv abortlarla mübarizə, qız uşaqlarının hüquqlarının pozulması, erkən nikah və qohum evliliklərinə qarşı çağırışı özündə ehtiva edir.
Tamaşadan sonra çıxışlar dinlənilib.
Qonaqları salamlayan Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün nümayiş olunan ailə dramına həyatda çoxlarının şahid olduğunu, səhnədə səslənən fikirlərin çoxlarının eşitdiyini bildirib. Azərbaycanın mövcud olduğu tarix boyu böyük inkişaf yolu keçdiyini, xalqımızın tarixi və mədəniyyətinə, milli adət-ənənələrinə daim hörmət göstərib, onu qiymətləndirdiyini vurğulayıb. Müsbət adətlərlə yanaşı, bəzən streotiplərin də önə keçdiyini qeyd edən sədr bildirib ki, onlarla mübarizədə xalqın düşünən beyinləri olan dəyərli sənətkarların, eləcə də möhtəşəm Hüseyn Cavidin fikirləri xalqın önündə bir mayak olmuşdur.
O əlavə edib ki, aydınlarımız xalqın inkişafını və onun gələcəyini düşünərkən qadınların da kişilərlə bərabər inkişafa layiq olduğunu vurğulamış, dövrünün mənfi stereotiplərinə qarşı ən müxtəlif vasitələrlə çıxmışlar. Bu gün də prosesin davam etdiyini qeyd edən B. Muradova, günümüz yazarlarının qələmindən çıxmış bir əsər əsasında hazırlanmış tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.
Çıxışının sonunda Komitənin müvafiq sahədə uzun illərdir gördüyü işlərdən danışan Komitə sədri, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na da diqqət çəkib. O, bu istiqamətdə qanunvericilik sahəsində də mühüm dəyişiklərin olacağına inamını ifadə edib. B.Muradova belə aktual və vacib əhəmiyyətli layihələri dəstəkləməyə daim hazır olduqlarını bildirib.
“Üçüncü Bahar” İctimai Birliyinin sədri Nərmin Qəniyeva çıxışında təşkilatın 8 il ərzində keçdiyi yola nəzər salıb, ötən dövr ərzində yaşlıların cəmiyyətə inteqrasiyası məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, Üçüncü Bahar” layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.
N.Qəniyeva sonda Dövlət Komitəsinə əməkdaşlığa görə təşəkkürünü bildirib və belə layihələrin davamlı olmasını arzulayıb.
Daha sonra tamaşanın rejissoru, Respublikanın əməkdar artisti Nicat Kazımov və birliyin üzvü Pəri Tağıyevanın çıxışları dinlənilib. Qeyd edilib ki, son dövrlərdə selektiv abortlar ictimaiyyəti narahat edən ciddi bir müzakirə obyektinə çevrilib. Məhz bu halın qarşısının alınması sahəsində görülən işlərin davamı olaraq keçirilən tamaşanın cəmiyyət üçün də töhfə olacağını qeyd ediblər.
Çıxışlardan sonra tamaşa iştirakçılarına təşəkkürnamələr təqdim olunub.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi adından qurama tablosu hədiyyə edilib.