Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 may 2026-cı il tarixdə Göygöl rayonunda Naftalan və Gəncə Şəhər İcra Hakimiyyətləri, Daşkəsən, Goranboy, Samux və Göygöl Rayon İcra Hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib.
Təlimin məqsədi monitorinq və əlaqələndirmə qruplarının üzvlərini məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi müstəvidə görülməli olan tədbirlərlə, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”na edilən düzəlişlərlə bağlı məlumatlandırmaqdır.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Kəmalə İbrahimova tədbir iştirakçılarını salamlayaraq Göygöl rayonunda məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman qanunvericiliyi rəhbər tutması, rayon üzrə qeydə alınmış münaqişəli ailələrlə bağlı işin aparılması, həmçinin məişət zorakılığına məruz qalma ehtimalı olan və risk qrupuna aid olan ailələrin aşkar edilməsi, bu sahədə sistemli fəaliyyət, xüsusilə də bələdiyyələrin rolunun vacibliyini bildirib. Həmçinin münaqişəli ailələrdə, risk qrupuna aid olan ailələrdə zorakılıq mühitində böyüyən uşaqlarla işin aparılması, bu uşaqların aşkar olunması və reabilitasiyaya cəlb olunmasında təhsil müəssisələrinin rolunu qeyd edib.
Təlimdə Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova tərəfindən Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili təqdim edilib, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı izahat işi aparılıb.
Hüquqi-təminat şöbəsinin əməkdaşıİradə Məmmədova tərəfindən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlər” mövzusunda təqdimat edilib.
Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib.
Təlimlərin davamlı olaraq Qusar, İmişli Rayon İcra Hakimiyyətlərində, Şəki Şəhər İcra Hakimiyyətində keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi