Gender komissiyalarının işi müzakirə edilib

19 dekabr 2024 16:30

Paylaş:

19 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, bələdiyyələrdə gender komissiyalarının yaradılmasının əhəmiyyətinə diqqət çəkib. S. Qəhrəmanova, Məişət zorakılığının qarşısının alınması, eyni zamanda  Gender bərabərliyinin təminatları haqqında qanunların həyata keçirilməsində rolundan danışıb. Sədr müavini bələdiyyələrin əhaliyə daha yaxın struktur kimi ailələrlə iş istiqamətində fəaliyyətə töhfə verdiyini, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınması, xüsusilə də risk qrupuna daxil olan ailələrin müəyyən edilməsində vacib rol oynadığını bildirib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva, Nazirliyin müvafiq sahədə faəliyyətindən söz açıb. O, gender bərabərliyinin təmin edilməsi istiqamətində qəbul edilən qanunvericilik aktlarına mütəmadi olaraq edilən dəyişikliklərin qanunların işlək saxlanılmasına zəmin yaratdığını söyləyib.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, rayonda bələdiyyələrin və gender komissiyalarının fəaliyyəti, xüsusi ilə də maarifləndirmə tədbirləri haqqında danışıb, bir sıra göstəriciləri diqqətə çatdırıb. O, məişət zorakılığı ilə bağlı mütəmadi olaraq keçirilən sorğuların əhali arasında münasibətlərin müəyyən edilməsinə dəstək olduğunu bildirib.

Tədbirin mövzusunun aktuallığına diqqət çəkən “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Tofiq  Həsənov Azərbaycanda bələdiyyə sisteminin yaradıldığı ilk illərlə müqayisədə qadınların say tərkibinin nəzərə çarpacaq dərəcədə artdığını və Azərbaycanın Avropa ölkələri sırasında 5-ci olduğunu deyib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərdən söz açan T.Həsənov, gender komissiyalarının fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinin önəmli olduğunu vurğulayıb, bir sıra təkliflər irəli sürüb.

Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədr müavini, Gender Komissiyasının sədri Leyla Məmmədova, Xətai rayon Bələdiyyəsinin sədr müavini, Gender Komissiyasının sədri Nərminə Hacıyeva həyata keçirilən tədbirləri, xüsusilə də qadınların peşə vərdişlərinə yiyələnməsi istiqamətində layihələri diqqətə çatdırıblar.

Konfransın yekun müzakirələri zamanı bələdiyyələrin əhali ilə iş prosesində  təşəbbüskarlığının önəmi vurğulanıb, mənzil-istismar müəssisələri ilə əməkdaşlıq, bələdiyyələrin işinə psixoloqların, könüllülərin cəlb olunması kimi təkliflər səsləndirilib.