“Gender əsaslı zorakılıqla mübarizə”mövzusunda seminar keçirilib

1 dekabr 2025 11:39

Paylaş:

 

28 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda ali məktəb tələbələri üçün maarifləndirici seminar keçirilib.

100-ə yaxın tələbənin iştirak etdiyi seminarda ekspert Abil Bayramov tərəfindən gənclər arasında gender bərabərliyi mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın (erkən nikah, məişət zorakılığı, selektiv abort və.s) fəsadları və onunla mübarizə, gender bərabərliyi sahəsində aparılan dövlət siyasəti və mövcud qanunvericilik aktları haqqında maarifləndirici məlumatlar verilib.

Təhsil sisteminin bütün səviyyələrində ayrı-seçkiliyə yol verən gender stereotiplərini aradan qaldırılması istiqamətində keçirilən tədbir Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrini əhatə edib.